"BMT-nin son bəyanatı növbəti anti-Azərbaycan hücumunun tərkib-hissəsidir" - EKSPERT RƏYLƏRİ
    • 8-08-2023, 18:16
    • 538

"BMT-nin son bəyanatı növbəti anti-Azərbaycan hücumunun tərkib-hissəsidir" - EKSPERT RƏYLƏRİ

Birləşmiş Millətlər Təşkilatının bir sıra ekspetləri Azərbaycanı Laçın dəhlizinin blokadada saxlamaqda və Qarabağda humanitar böhranı dayandırmağa çağırıblar.

Ötən gün yayılan qərəzli bəyanatda bildirilir ki, guya rəsmi Bakı regionun erməni əhalisini dərman və gigiyena vasitələri qıtlığı ilə üz-üzə qoyub. Hətta məruzəçilər bu məsələni qurumun geniş müzakirəsinə çıxarmağı təklif ediblər. 

Maraqlıdır, 30 il ərzində torpaqlarımızın 20 faizi işğal altında olanda 1 milyon məcburi köçkünün problemləri ilə təkbaşına qaldığımız illərdə ağzına su alan bu qurum deyəsən, suyunu udub. Belə olmasaydı, Qarabağdakı ermənilərə humanitar dəstək təklif etdiyimiz halda qərəzli danışmazdı. 

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin üzvü Aydın Mirzəzadə dedi ki, Avropada hansı xəyali blokadadan danışmaqdansa, yaxşı olar ki, reallığı dərk edib onunla hesablaşsınlar:

“Bu necə blokadadır ki, hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən istifadə edən ermənilərin oradan keçməsi barəsində videogörüntü açıq yayımlanır. Göründüyü kimi həmin adamlar heç də ac, humanitar fəlakət yaşayan insan təəssüratı bağışlamırlar. Məqsəd Azərbaycanı özünün sərhəd bütövlüyündən imtinaya məcbur etməkdən ibarətdir. Laçında sərhəd-buraxılış məntəqəsi qurmaqla Azərbaycan özünün sərhəd bütövlüyünü təmin edib, Azərbaycan ərazisindən qeyri-qanuni, təxribat məqsədilə giriş-çıxışın qarşısını aldı. Heç bir ölkə sərhədinin bir hissəsini giriş-çıxış üçün açıq saxlamır”. 

Siyasi şərhçi Natiq Miri də bu qənaətdədir. O hesab edir ki, Ermənistan havadarlarından olan Fransanın diqtəsi ilə saxta blokada şousu göstərir:

“BMT-nin Azərbaycana qarşı son bəyanatının ortaya çıxması süni humanitar fəlakət adı altında növbəti anti-Azərbaycan hücumunun tərkib hissəsidir. Bunu öz siyasi iradəsi ilə etmədiyi üçün düşünmürəm ki, Ermənistanın burada ciddi bir ağırlığı var. Ermənistanı bir çox arzuolunmaz hadisələrə təhrik edən Fransa və havadarları var ki, onlar həm Avropa İttifaqı, həm də BMT strukturlarında müəyyən təsir imkanlarına malikdirlər. Bilirsiniz ki, Fransa BMT TŞ-nin daimi üzvlərindən biri olduğu üçün şurada bu məsələləri qaldırmaq imkanındadır. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu kimi ikili standartlara gedə bilirlər. Fransada insanlara şiddət tətbiqinə baxmayaraq BMT-nin İnsan Haqları Şurası bunu çox rahat görməzdən gələ bilir”.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də ötən gün məsələ ilə bağlı bəyanat yayıb.

Bildirilib ki, 30 il ərzində işğal faktına göz yuman BMT xüsusi məruzəçilərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur. Bununla yanaşı, həmin şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək yaydığı bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir.

Sənəddə eyni zamanda Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfinin ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta gərgin humanitar vəziyyət barədə iddialar yaydığı, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, iyulun 26-da yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törətməsi xatırladılıb. 

Fərid Azəri