-
- 16-08-2023, 17:11
- 362
Azərbaycanda infilyasiyanın qarşısı necə alına bilər?
Azərbaycanda adambaşına düşən orta aylıq xərc artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 58,1 manat və ya 15,3 faiz çoxdur. Pərakəndə ticarətdə 437,9 manat xərcin 246,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 191 manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Adambaşına düşən xəclərin artmasının səbəbi nədir?
Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, dünyada qlobal infilyasiya, ciddi qiymət artımı gedir.
"Türk lirəsinin və rus rublunun kəskin dəyərdən düşməsinin ölkəmizə ciddi təsiri var. Çünki əsas ticarət tərəfdaşlarımız bu ölkələrdir. Baxsaq görərik ki, Avropa ölkələrində infilyasiya bu qədər yüksək deyil".
Deputat qeyd etdi ki, infilyasiyanın təsirini azaltmaq üçün bir-neçə addımlar atılmalıdır:
"İlk olaraq stabil dövlətlərlə ticarəti genişləndirmək və daxildə süni qiymət artımının qarşısını almaq lazımdır".
İqtisadçı Natiq Cəfərli isə qeyd etdi ki, xərclərin artmasına əsas səbəb inflyasiyadır:
"Qiymət artımı son iki-üç ildə çox ciddi şəkildə nəzərə çarpır. Amma son bir ildə də inflyasiya sürətlənib deyə əsasən də ərzaq inflyasiyası insanların xərcləri də artır. İnsanların istehlakında həcm olaraq artım yoxdur, hətta azalma müşahidə olunur".
İqtisadçının sözlərinə görə, eyni məhsulları keçən ilə nisbətən bu il daha bahalıdır:
"Nəticə etibarilə də insanların adambaşına düşən xərcləri də sürətlə artır.İnflyasiya, qiymət artımı Azərbaycan üçün ən böyük çağırışlardan və problemlərdən biridir. Təəssüf ki, bununla mübarizədə ciddi addımlar atılmır. Effektli olan addımlardan biri vergi və gömrük endirimləri ola bilər. Amma təəssüf ki, hələ ki, hökumət tərəfindən belə addımları biz müşahidə etmirik".
Aydan