ATƏT Şərqi Avropada qadınlara qarşı zorakılıq hallarının artmasından narahatdır
    • 7-03-2019, 13:05
    • 1 466

ATƏT Şərqi Avropada qadınlara qarşı zorakılıq hallarının artmasından narahatdır

Beynəlxalq Qadınlar Günü ərəfəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qadınlara qarşı zorakılıq halları ilə bağlı hesabatı yayılıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, tam mətni “Liberties” saytında yerləşdirilən hesabatda Şərqi və Cənub-Şərqi Avropada qadınlara qarşı zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur. Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, Moldova, Ukrayna və Kosovoda 18-74 yaş üzrə 15 min qadın arasında aparılmış sorğunun nəticələrinə görə, onların 70 faizi zorakılığın müxtəlif formalarına məruz qaldıqlarını, 31 faizi isə bu halların son 12 ay ərzində baş verib. Həmçinin qadınların 23 faizi öz partnyorları, 18 faizi isə yad kişilər tərəfindən onlara qarşı seksual zorakılıq aktı törədilib. Hesabatda qeyd olunur ki, qadınların məruz qaldıqları fiziki zorakılıq aktlarının 31 faizi onların ailə üzvləri tərəfindən törədilir. Bundan başqa, zərif cinsin nümayəndələrinin 60 faizi öz partnyorlarının psixoloji təzyiqinə məruz qalır. Hesabatda o da vurğulanır ki, seksual və fiziki zorakılıqla üzləşən qadın və qızların əksəriyyəti yoxsul ailələrdən və uşaqlı olanlardır. Sənəddə bildirilir: “Qadın və qızlara qarşı zorakılıq insan haqlarının ən kobud şəkildə pozulmasıdır. ATƏT bu halları fərdlərin və bütün cəmiyyətin təhlükəsizliyinə yönəlmiş təhdid kimi qiymətləndirir”. ATƏT-in baş katibi Tomas Qreminger bu hesabatı qadınlara qarşı zorakılıqla mübarizə sahəsində mühüm addım adlandırıb. O deyib ki, təşkilatın bu cür halların azaldılması üçün dəqiq məlumatlara və əsaslandırılmış faktlara ehtiyacı var”.