25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür
    • 25-11-2019, 09:37
    • 1 446

25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür

BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib.

News24.az xəbər verir ki, Baş katib Pan Gi Munun müraciətində deyilir: “Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”.

Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.

Ağ lent qadın zorakılığının bütün formalarına etirazın, analığın qorunmasının rəmzidir, ondan həmçinin oxşar hadisələrdə istifadə edilir. Son illər onun mövcudluğu tədricən ölkələrin çoxunda tanınır. Lakin qadın zorakılığı qlobal pandemiya olmaqda davam edir. Qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır.

Qadınlara qarşı məişət zorakılığı planetin hər yerində yayılaraq, təhsildən və maddi təminatdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində baş verir. Təəccüblü deyil ki, müstəqil və özünə arxayın kimi görünən avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Bəzi kişilər qadına əl qaldırarkən insan haqlarını pozduqları barədə düşünmürlər.

Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, onları təhqir etməyə və alçaltmağa çalışan hər kəsə cavab verməsələr, bu vəziyyət həmişə davam edəcək. Çox səbirli olmağın əsası hələ uşaqlıqda qoyulur. Qadın ya elə ailədə böyüyüb ki, orada zorakılıq adi hal olub, ya uşaq vaxtı valideyn sevgisindən məhrum olub, ya da zülm altında böyüyüb, ona xoş sözlər deyən və hədiyyə verən olmayıb və nəticədə onda özünü aşağı qiymətləndirmə keyfiyyəti formalaşıb.