Ruhi Əliyeva: "Ən ağır xəyanət dostun dosta xəyanətidir" - FOTO - VİDEO
    • 8-03-2019, 18:09
    • 4 447

Ruhi Əliyeva: "Ən ağır xəyanət dostun dosta xəyanətidir" - FOTO - VİDEO

News24.Az-ın təqdim etdiyi “Azərin qonağı” rubrikasının qonağı Azərbaycanın tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyevadır.

Uzun müddətdən sonra ad günü ərəfəsində geniş müsahibə verən Ruhi xanımla maraqlı söhbətimiz alındı. 
Özündən bir ikona yaratmağı bacarıb, bütün Azərbaycanda tanınan, sevilən, hörmət edilən Ruhi Əliyevanın müsahibəsini yazılı və video şəkildə hər kəsin diqqətinə çatdırırıq:

- Ruhi xanım xoş gördük! Ad gününüz ərəfəsində görüşürük. Öncə sizi “Liatris Holding” kollektivi, eləcə də sizi tanıyan və sevənlərin adından təbrik edirəm! 
8 Mart qadınlar günündə anadan olmağın nə kimi özəlliyi var?
- Bildiyiniz kimi 8 mart qadınların ən özəl günü-bayramıdır. Çünki sevdiyi insanlar qadınları təbrik edir. Belə deyim, mənim üçün bu günün o qədər də özəlliyi yoxdur.  Sadəcə həm bayramdır, həm doğum günümdür. 

- Bu gün özəl olaraq, kimdən hədiyyə gözləyirsiz? 
- İnsan hədiyyəni sevdiklərindən gözləyir. Bir misal var - "umduğun insandan küsərsən". Təbii ki, insanın qəlbində özəl insanlar olur və həmin insanlardan hədiyyə gözləyir. Mənim də qəlbimdə özəl insanlar var və məhz onlardan hədiyyə gözləyirəm. 
Çox vaxt qadına hədiyyə gələndə sevdiyi şəxsdən gəldiyi nəzərdə tutulur. Amma bu dostu və övladı da ola bilər. Mən ad günüm və bayram ərəfəsində ən birinci hədiyyəni artıq bir neçə ildir ki, övladlarımdan alıram. Məsələn, Məhəmməd və Həsən hansısa gül rəsmini çəkib hədiyyə edirlər. Uşaq olduqları üçün bunu özlərinə məxsus şəkildə edirlər. Keçən il mənim üçün bir şeir hazırlamışdılar. Yəqin ki bu ildə mənə hansısa süprizləri olacaq. 

- Heç vaxt unutmayacağınız, xatirənizdə ömürlük qalacaq ad gününüz olubmu? 
- Xeyir, hələ ki, elə birisi olmayıb. Hər zaman ad günlərimi sadə şəkildə qeyd edirəm. Bəzi insanlar dəbdəbəli keçirməyi, fotosessiyalar və ya çəkilişlər etməyi sevir. Amma mən heç bir zaman bunları sevməmişəm. Çəkiliş olub, amma çox az. Bəzi şeylər var ki, onları çəkmək olmaz. Ancaq elə insanlar var ki, verilən hədiyyələri belə göstərirlər. Mən bahalı hədiyyləri instagramda paylaşmağı və efirdə göstərməyi sevrmirəm. Bütün bunlara düzgün baxmıram. Bəlkə də bəzi insanlar üçün düzgündür. Amma mən əsla qəbul etmirəm. Əgər o hədiyyə sənə alınıbsa, artıq sənindir. Cansağlığı, sevə -sevə və könül xoşluğu ilə işlət. Lakin başqa insanlara göstərmə.

- Bu cür düşünməyiniz təvazökarlıqdanmı irəli gəlir, yoxsa nəfisdən çəkinirsiniz?
- Nəfsə inanıram. Amma elə insanlar var ki, evləri yoxdur, illərdir metro və avtobusla gedib-gəlirlər. Mənim üçün bahalı maşın almağı və ya bahalı evdə yaşamağı reklam etmək qəbul edilməzdir. Çoxumuz çətinliklərlə bu günə gəlmişik. Hesab edirəm ki, insan olaraq, bu tərəfləri də fikirləşmək lazımdır.
Əksəriyyətinin özündən asılı deyil, səndə nəyisə görər və qəlbən pis ola bilər. İnsandı da o da istəyə bilər. Allaha qurban olum, onun ruzisini indi hələ yazmaza da, bəlkə sonralar yazacaq. Ona görə də belə şeyləri insanların gözünə soxmaq olmaz.


- Heç nəfsə düşmüsünüzmü?
- Hərdən göz götürdüyümü deyirlər. İnanmağım da gəlir, inanmamağım da. Evdə üzərlik yandırıb hərləyirlər. Həmçinin, bəzi dualar var ki, onları mən də, işçilərim də oxuyuruq. Yəni nəfsə inanıram, amma aşırı dərəcə də yox.
Mən çox çətinliklərdən keçmişəm. Hətta əməliyyat olan vaxt kəlmeyi-şəhadətimi   belə demişəm. Allah heç kimə göstərməsin. Əməliyyat olduğum zaman ən çox anam əziyyət çəkdi. Bir neçə ay özünə gələ bilmədi. Həmin vaxt hər kəs Allahın məni qoruduğunu dedi. Deyilən kimi Allahın gözdən, nəfisdən xəbəri yoxdur. İnsanı yaradan da, insanın canını alan da Allahdır. Ona görə də belə şeylərə çox dərindən köklənmirəm. 

- "Qadından yaş soruşmazlar" - deyə, deyim var. Bu deyimə münasibətiniz necədir?
- Hər yaşın öz gözəlliyi var. Mən heç bir zaman yaşımı gizlətməmişəm. Hər zaman da yaşımı sevə-sevə demişəm. Hətta instagram səhifəm təzə açılanda belə 41 yaşım olduğunu qeyd etmişdim. Düşünürəm ki, yaşlandıqca daha da gözəlləşirəm. Gənclik və indiki şəkillərimə də baxıram. Düzdür, indi də gəncəm (gülür – red.). Ana olmamışdan əvvəl bir başqa idim, ana olduqdan sonra bir başa oldum. Yaşın üstə yaş gəldiyi zaman ayrı bir gözəllik verir. Bu Allahın biz qadınlara verdiyi nemətdir. Bunu qiymətləndirmək lazımdır. Elə qadın var ki, üzündəki qırışlarla belə çox gözəl görünür. Amma bəzi xanımlar aşırı dərəcə də botoks elətdirir. Onlara bu yaraşmır. Mən yaşa o qədər də önəm vermirəm. İnsanın daxili gözəl olsun.

- Dediniz ki, yaşlanmaqla bağlı fobianız yoxdur. Bəs bu fobiası olan qadınlara münasibətiniz necədir? 
- Botoks, estetik elətdirənlərə pis baxılmamalıdır. Əgər bir qadın efirdə, göz önündədirsə və aşırı dərəcədə qırışları, ümumiyyətlə, hardasa bir çatışmamazlığı varsa, bunları aradan götürə bilər. Amma çox aşırı dərəcədə olmasın. Mən daha çox təbiiliyin tərəfdarıyam. Hər şey qədərində gözəldir. Hərdən hansısa qadının çox çirkin olduunu deyirlər. Bu mənim çox açığıma gəlir. Ümumiyyətlə, qadın sözü və hər bir qadının özü gözəldir. Sadəcə olaraq qadın özünə baxmalıdır. Qadın özünə baxdıqca daha da gözəlləşir. Məsələn, saç düzümünə, geyiminə, təravətinə fikir verə bilər. Şərt deyil ki, bahalı kremlər alsın. Özü də evdə maskalar hazırlaya bilər. Baxımlı qadın və baxımsız qadın var. Amma çirkin qadın yoxdur.

- Bəs ümumiyyətlə qadın sizin anlamınızda nədir?
- Qadın ilk növbədə qadın müdrik, təmkinli və ismətli olmalıdır. Qadın özünə qiymət verməlidir. Qadın anadır və ana sözünün arxasında o qədər gözəl məqamlar və hisslər var ki, bütövlüklə ifadə etmək çətindir. Təbii ki, ana olmayan qadınlarımız da var. Allah hər kəsə analıq hissini yaşatsın. 
Bəlkə də mən əvvəllər belə olmamışam, belə düşünməmişəm. Amma indi görürəm ki, yaş üstə yaş gəldikcə nələrsə dəyişir. Məsələn, mən beş il bundan əvvəl olan hansısa hərəkətimi indi bəyənmirəm. Öz- özümə deyirəm ki, "bu, mənə yaraşmazdı, gərək deməzdim" və s. Qadın çox məsuliyyətli olmalıdır. Ümumiyyətlə, qadın olmaq çox çətindir. Hərdən deyirlər, filankəs çox həyasızdır. Mən qadına həyasız deyilməsini yaraşdırmıram. Təbii ki, biz də əsəbi oluruq, özümüzdən çıxan vaxtlarımız olur. Amma çalışmaq lazımdır ki, o təmkini, insanların sənə olan hörmətini saxlayasan. Bayaq dediyim kimi, qadın səbrli, təmkinli və müdrik olmalıdır. Cünki bunlar olanda qadın irəli gedir.

- Bu gün həyatınızda nəyi rəhbər tutaraq, yaşayırsız?
- Övladlarım dünyaya gəldikdən sonra ancaq onlar üçün yaşayıram. Bütün həyatımı onlar üçün proqramlaşdırmışam. Bundan da çox xoşbəxtəm. Hər şey övladlarım üçündür. Atdığım hər addımı belə övladlarımı düşünüb, sonra atıram. 

- İş, yoxsa eşq?
- Məncə iş. Çünki mən eşqi də işdə görürəm. Mənim üçün iş daha vacibdir.  Lap gənc zamanlarımda eşq ola bilərdi. Amma indi sadəcə iş...


- Sevgi Ruhi Əliyeva üçün nədir?
- Sevgi Allahın bizə bəxş etdiyi ən gözəl lütfdür. Bunu dəyərləndirmək lazımdır. O səbəbdən, sevgi mənim üçün ilk olaraq Allaha olan sevgidir. Həqiqətən vətənimi, dövlətimi sevən bir insanam. Doğulduğum Tovuz rayonu ilə fəxr edirəm. İnsanlar var ki, rayondan, kənddən çıxıb, neçə illərdir şəhərdə yaşayırlar. Amma çıxıdıqları yeri yad etmirlər. Doğulduğum yeri sevirəm, ora mənim üçün cənnət sayılır. Sonra isə yaxınlarıma, əzizlərimə, övladlarıma olan sevgi var. 
Sevgini bəzən hisslərlə qarışdırırlar. Təəssüf olsun ki, çox insan sevgi deyəndə yalnız qadın-kişi münasibətini anlayır. Bu hal məni incidir. Çünki qadın-kişi münasibəti insanın içində olan incə bir duyğu, hiss və çılğınlıqdır. Ola bilər ki, səninlə bir il, iki il və ya üç il yaşasın… Sevgi insana xoşbəxtlik, gözəllik verir, ruhunu təmizləyir. Bir sözlə, sevgidə hər şey var.

- Elə bir anınız olubmu ki, sevgiyə küsəsiz?
- Olub! Bəzən elə məqamlar olur ki, qadının qəlbinə toxunur. Mən də qadınam, robot deyiləm ki (gülür).

- Kənardan hər kəs sizi çox xoşbəxt görür, əhatəsi sevgi ilə doludur. Düşünürlər ki, heç bir problemi yoxdur. Bu, doğrudanmı belədir?
- Çünki mən çətinliyə belə sevgi ilə baxıram və bu səbəbdən də insanların əksəriyyəti məni problem olmayan biri kimi görürlər. Aqresiv və ya sərt ola bilmirəm. Sirkə nə qədər sərt olsa, öz qabını çatladar. Mən də istəmirəm ki, artıq aqresiv və sərt olum. Çünki mən anayam, övladlarım var. Hər bir ağırlığın, yükün üzərindən yüngül şəkildə keçməyə çalışıram. Başqa cür olanda həm özümə, həm də ətrafımdakılara əziyyət verirəm. 

- Bildiyimə görə insanda ən çox önəm verdiyiniz sədaqətdir. Nəyə görə məhz sədaqət? Belə çoxmu sədaqətsizliklə üzləşmisiz?
- Təbii ki, haqsızlıqlarla çox qarşılaşmışam və hələ də qarşılaşıram. Hərdən düşünürəm ki, İlahi, görəsən ola bilərmi ki, nə zamansa insanlara sədaqətim, etibarım itsin? Sonra düşünürəm ki, yox. Axı mənim ətrafımda sədaqətli dostlarım, neçə illərdir mənim yanımda çalışan işçilərim var. 
Təbii ki, mənim də həyatımda problemlər olub, olur da. Heçnə asan deyil.

- Etibarlı dostlarınız kimlərdir?
- Etibarlı dostlarım çoxdur. Məsələn, yanımda çalışan Aytəkin xanım, mənə ikinci ana əvəzi olan Tamara xanım. Şou- biznesdə yalnız bir etibarlı dostum var, o da Tolikdir. Mətbuatdan ən yaxın dostum Qafqazinfo.az saytının rəhbəri Elbrus Seyfullayevdir. Elbrusla da neçə illərdir ki, dostuq, qardaş-başı münasibətimiz var. Ən ağır günlərimdə belə o insan mənim yanımda olub, mənə dəstək olub. Bir sözlə, ətrafımda etibarlı dostlarım çoxdur. Ümumiyyətlə, məndə toxunulmaz olan iki varlıq var. Bir ailəm, bir də dostlarım. Heç bir zaman ailəmin, dostlarımın adına toz qondurmğa icazə vermərəm. Amma bəzi dost görünən “dostlar” tərəfindən hərdən o qədər haqsızlığa uğrayıram ki, onların ucbatından dəxli olmayan adam haqda da şübhəyə düşmüş kimi oluram. 

- Bu gün sizi daha çox xeyriyyəçi qadın kimi tanıyırlar. Bu missiyanı üzərinizə götürməkdə məqsədiniz nədir?
- Mərhəmət hissi Allahın bizə bəxş etdiyi ülvi bir hissdir. Hər bir insanın içərisində mərhəmət hissi var. Amma elə insanlar var ki, o hissi öz içərisində boğur, üzə çıxarmır. Elə insanda var ki, içərisində aşırı dərəcədə mərhəmət hissi var. İnanıram ki, mən o insanlardanam. Buna görə də Allaha çox şükür edirəm. Mən çox duyğusalam. Kimsə kömək edə bilməyəndə ruhən narahat oluram! Bəzən də mərhəmətimdən istifadə edib, məni çox aldadırlar, çox yalan danışırlar. Bu da məni üzür. Ona görə bəzən ehtiyatlı oluram. 


- Doğum gününüzdə özünüzə ən böyük arzunuz nədir?
- İlk növbədə, Allahdan özümə möhkəm cansağlığı diləyirəm. Övladlarımı sağlam canla böyüdüb. Onların bəhrəsini görmək istəyirəm! Bununla yanaşı, arzu edirəm ki, Allah hər zaman ruzimi bol etsin, sevdiklərim, dəyər verdiklərim yanımda olsun, sağlam olsun. 

- Səmimi müsahibəniz üçün çox təşəkkür edirəm!
- Mən təşəkkür edirəm və Azərbaycan xalqının qadınlarını təbrik edirəm. Bizim xanımnlarımız dünyada ən gözəl, ən fədakar, ən dəyərli xanımlardır. Üzümü xanımlarımıza tutub deyirəm ki, ən əsası, qadın olaraq özümüzə dəyər verək ki, kişilər də bizə dəyər versinlər!

Saç düzümünə görə xüsusi olaraq Afaq İsmayılzadənin rəhbərlik etdiyi A-Glamoura, usta Babəkə təşəkkür edirik.
Ünvan: Bünyad Sərdarov 16
Əlaqə nömrələri: 012 505 43 03/ 050 648 28 48


Söhbətləşdi: Azər NƏSİBOV
Video: Fərid ŞABANOV