-
- 30-08-2023, 18:52
- 343
Yunanıstan Azərbaycandan qaz idxalını artırıb
2023-cü ilin yanvar-iyun ayları ərzində Yunanıstan Azərbaycandan 1,020 milyard kubmetr qaz idxal edib.
News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat"dan bildiriblər.
İyun ayında idxal may ayındakı 163 milyon kubmetr qazla müqayisədə 7,1 faiz artım nümayiş etdirərək, 174,6 milyon kubmetr olub.
Yunanıstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərclərin ümumi məbləği 2023-cü ilin ilk altı ayı ərzində 523,8 milyon avro olub.
İyun ayında xərclər may ayındakı 68,8 milyon avro ilə müqayisədə 58 milyon avro olub (15,7 faiz azalma).
Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil olunub.
Bu dövrdə Azərbaycan qazının satış həcmi 12 milyard kubmetr olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Yanvar-iyun ayları ərzində Türkiyəyə 5 milyard kubmetrə yaxın, Avropaya 5,7 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub. Qeyd etmək lazımdır ki, bu dövrdə Trans-Anadolu boru kəməri (TANAP) ilə Türkiyəyə 2,8 milyard kubmetrdən çox qaz ixrac edilib.
Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.