3 milyonluq qumara görə saxlanılan ev dustaqlığına BURAXILDI
    • 5-09-2023, 15:44
    • 212

3 milyonluq qumara görə saxlanılan ev dustaqlığına BURAXILDI

Bakı Ağır Cinayətlər Məhkəməsində "Topaz"adı altında qanunsuz qumar oyunu təşkil edərək 3 milyon manata yaxın gəlir əldə edən mütəşəkkil dəstənin işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərdən Nüslət Xəlilovun səhhəti ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki təqsirləndirilən şəxsin səhhətində ciddi problem var və onun təcridxana şəraitində müalicəsi mümkünsüzdür. Vəkil müvəkkilinin evdustaqlığına buraxılmasını xahiş edib.

Vəsatət təmin edilib və Nüslət Xəlilov məhkəmə zalından ev dustaqlığına buraxılıb. 

İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 19-na təyin olunub. 

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqı zamanı Sərxan Süleymanovun tanışları Təhmin Müslümzadə, Nicat Zülfüqarov, Nüslət Xəlilov və digər şəxslərlə əlbir olaraq cinayətkar niyyətlərini pərdələmək məqsədi ilə “Topaz” markası adı altında ticarət nümayəndəliyi (agent) barədə müqavilə bağlamaları, bu yolla 2017-2022-ci illər ərzində Bakı şəhəri və Abşeron rayonunda yerləşən bir sıra “Topaz” məntəqələrində ayrıca qumar oyunlarının təşkili nəticəsində 2 milyon 927 min manatdan artıq gəlir əldə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) və 244-1.4-cü (xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarını təşkil etmə və keçirmə) maddələri ilə ittiham elan edilərək barələrində həbs qətimkan qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.

Samir Əli