-
- 7-09-2023, 13:27
- 268
Millimiz tarixində 5-ci dəfə Belçika ilə qarşılaşacaq - STATİSTİKA
Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasını qəbul edəcək.
News24.az “Report”a istinadən xəbər verir ki, bu, komandaların tarixi ərzində 5-ci dueli olacaq.
Millimiz AVRO-2008 və AVRO-2012-nin seçmə mərhələlərində “qırmızı şeytanlar”la eyni qrupda yer alıb. Hər iki tsiklin Belçikada baş tutan qarşılaşmasında meydan sahibləri 3 top fərqi ilə qalib gəliblər.
Tərəflərin Bakıda ilk dueli 2007-ci il noyabrın 21-nə təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaqlar ikinci hissədə vurduqları yeganə qol sayəsində 3 xalı hesablarına yazdırıblar. Həmin vaxt yığmamız 5 xalla qrup sonuncusu olmuşdusa, Belçika 8 komanda arasında 5-ci yeri tutmuşdu.
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində “Tofiq Bəhramov”da keçirilən qarşılaşmada isə yığmamız rəqibi büdrətməyi bacarıb. 2011-ci il sentyabrın 2-nə təsadüf edən dueldə Rauf Əliyevin son dəqiqələrdə vurduğu qol Berti Foqtsun yetirmələrinə 1 xal qazandırmışdı. Bu həm də komandalar arasında keçirilən son görüş olub. Həmin vaxt 15 xalla qrup üçüncüsü olan Belçikanın final mərhələsinə vəsiqə qazanmasını əngəlləyən səbəblərdən biri də məhz yığmamızla qarşılaşmada 2 xal itirməsi olub. Azərbaycan yığmasi isə 7 xalla 5-c yeri tutub.
12 il əvvəl baş tutan həmin duelin iştirakçıları olan Yan Vertongen və Romelu Lukaku sentyabrın 9-da reallaşacaq oyunda da məşqçilər korpusunun sərəncamında olacaqlar. Azərbaycan yığmasının heyətində meydana çıxanlardan isə yalnız Vurğun Hüseynov, Ruslan Abışov və Rahid Əmirquliyev hazırda karyeralarını davam etdirirlər. Ancaq onların heç biri yığmanın üzvü deyil.
Əsas milli ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandalarımız da müxtəlif vaxtlarda belçikalı həmyaşıdları ilə seçmə mərhələlərdə üz-üzə gəliblər. U-21 və U-17-nin güclü rəqib önündə ən böyük nailiyyəti bir dəfə heç-heçə etmək olub.
Klub səviyyəsində də Belçika təmsilçiləri Azərbaycan komandalarından üstün statistikaya malikdirlər. “Qarabağ” 3, “Neftçi” 2, “Qəbələ” isə 1 dəfə avrokuboklarda Belçika klublarına rəqib olub. Onlardan yalnız birində - 2008/2009 mövsümündə “Neftçi” İntertoto Kubokunda “Jerminal”ı üstələyib – 1:1, 1:0.
Əsas millilər arasında keçirilən oyunlar:
AVRO-2008-in seçmə mərhələsi
11.10.2006. Brüssel. Belçika – Azərbaycan 3:0
21.11.2007. Bakı. Azərbaycan – Belçika 0:1
AVRO-2012-nin seçmə mərhələsi
29.03.2011. Brüssel. Belçika – Azərbaycan 4:1
02.09.2011. Bakı. Azərbaycan – Belçika 1:1