-
- 7-09-2023, 17:39
- 326
Mehmanla mənim aramda söhbətlər var - Məşqdə ölən 7 yaşlı uşağın anası
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağın qətlində təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdriilib.
News24.az-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Daha sonra zərərçəkmiş şəxsin yaxınları prosesin açıq keçirilməsinə etiraz edib. Zərərçəkmişlər bildiriblər ki, ötən prosesdə telekanallardan birinin prosesi çəkib yayması uşağın anası barədə mənfi rəy yaradıb. Təqsirləndirilən şəxsin vəkili Anar Qasımlı bildirib ki, onlar məhkəmənin açıq keçirilməsinə və çəkiliş aparılmasına etiraz etmir: "Əgər proses çəkilirsə, axıra qədər çəkilsin. Müvəkkilimə qarşı çox ağır ittihamlar irəli sürülüb. Bir sıra həqiqətlərin üzə çıxması üçün çəkiliş istəyirik. Əgər məhkəmənin hansısa hissəsi çəkiləcəksə, istəmirik. Çəkiliş aparılırsa bütün proseslər ictimailəşdirilsin. Çünki hadisə ilə bağlı yayılmış qısa video ictimaiyyətin qəzəbinə səbəb olub. Bu da sonda təqsirləndirilən şəxsə çox ağır ittihamların verilməsi ilə nəticələndi. Amma işin içində ictimaiyyətə məlum olmayan faktlar var. Elə faktlar var ki onları ictimaiyyət bilmir. O faktlar açıqlanarsa məhkəmə təqsirləndirilən şəxsin xeyirinə həll oluna bilər. Ona görə də bütün proseslərin çəkilməsini istəyirik".
Zərərçəkmiş şəxsin anası Aynurə Məlikova isə prosesin qapalı keçirilməsini istəyib: "Bu işdə mənimlə Mehman Xəlilovun arasında söhbətlər var. Bu məsələ bizim ikimizə aiddir. Ona görə də istəyirik ki, proses qapalı keçirilsin".
Məhkəmə yerində müşavirə keçirib prosesin qapalı keçirilməsi barədə qərar verib. Məhkəmə hesab edib ki, cinayət işində Aynurə Məlikova ilə Mehman Xəlilov arasında yazışmalar olub və bu prosesdə şəxsi və ailə məsələləri var.
İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 21-də davam etdiriləcək.
İttihama görə, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.
Samir Əli