Daha bir kənddə ehsan mərasimləri QADAĞAN EDİLDİ
    • 11-09-2023, 18:53
    • 2 384

Daha bir kənddə ehsan mərasimləri QADAĞAN EDİLDİ

Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

News24.az  xəbər verir ki, 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Həmçinin xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Qeyd edək ki, kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilən qərar kəndin sosial şəbəkə səhifələrində paylaşılıb.

Milli Məclisin deputatı Fazil Mustafa sözügedən kənd ağsaqqallarının qərarına münasibət bildirib.

Millət vəkilinin fikrincə, çox ağıllı və faydalı bir təklif verilib.

"Şərur rayonu Mahmudkənd ağsaqqalları qərar qəbul ediblər ki, bundan sonra yasda yemək ehsanı verilməsin. Ürəyimcədir, vacibdir, alqışlayıram, dəstəkləyirəm. Sadəliyi sevən, yekəxana olmayan, özündən yeni bir İslam dini kəşf etməyən, ölüsünə ancaq yeməklə savab qazandırmaq istəməyən hər bir ağıllı insan üçün bir örnək davranışdır. Bununla belə, hər kəsin israfçılıq etmək, özünə lazımsız sıxıntı yaratmaq, öz ağlını mollanın ağlına təslim etmək, xeyli xərc çəkib verdiyi bir neçə növ yemək ehsanı ilə lovğalanmaq hüququ saxlanılır",-deyə deputat qeyd edib.

AYLİN