Rəqabət Məcəlləsi nəyi DƏYİŞƏCƏK? - ŞƏRH
    • 13-09-2023, 17:30
    • 418

Rəqabət Məcəlləsi nəyi DƏYİŞƏCƏK? - ŞƏRH

Azərbaycanda uzun illərdir gözlənilən Rəqabət Məcəlləsinin layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib və parlamentin İnternet saytında yerləşdirilib. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 83 maddədən ibarətdir.

Məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq.

Məlumatda qeyd olunur ki, məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.

Qeyd edək ki, Azərbaycanda Rəqabət Məcəlləsi ölkə müstəqillik əldə ediləndən bəri ən çox gözlənilən sənəddir. 2006-cı ildə Milli Məclisdə məcəllə layihəsi hazırlanaraq birinci və ikinci oxunuşda müzakirə olunub, lakin ondan sonra bir daha müzakirəyə çıxarılmayıb. Amma dəfələrlə məcəllənin hazırlanmasını nəzərdə tutan sərəncam və tapşırıqlar verilib. Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli “Haqsız Rəqabət haqqında” və 1993-cü ildə qəbul olunan “Antiinhisar fəaliyyəti haqqında” qanunlarla tənzimlənir.

Mövzu ilə bağlı News24.az-a danışan deputat Fəzail Ağamalı hesab edir ki, məcəllə qəbul ediləcək.

“Və qanunun qəbulu ilə Azərbaycanda iqtisadi münasibətlər, sahibkarlığın inkişafı yeni bir mərhələyə keçid edəcək”.

Deputat qeyd edib ki, bir neçə gündür sayta yerləşdirilən layihə haqqında məlumatlar müzakirə predmeti kimi cəmiyyətə təqdim edilib.

Onun sözlərinə görə, bu, kifayət qədər məhsuldar olacaq: 

“Təbii ki, məcəllə müzakirədən sonra cilalanacaq. Həm iqtisadi sənaye sahibkarlıq, həm də hüquq komitələrinin iclasında nəzərdən keçiriləcək.

İctimai müzakirədən sonra komitələrdə olan bir sıra təkliflər də nəzərə alına bilər. Qanunun ölkə başçısı tərəfindən qəbul edilməsi üçün presudurdan keçəcək”. 

Mövzu ilə bağlı münasibət bildirən iqtisadçı Eldəniz Əmirov bildirib ki, 15 ildən artıq olan bir dövr ərzində bu məcəllənin qəbul edilməməsi iqtisadiyyata öz mənfi təsirini göstərməmiş deyildir.

"Hesab edirəm ki, ölkə başçısının şəxsən məsələyə müdaxiləsindən sonra  bu dəfə məcəllə qəbul ediləcək. Bu, ölkə iqtisadiyyatında böyük ehtimal ki, öz təsirini göstərəcək. Belə bir məcəllənin qəbul edilməsindən sonra ilk növbədə gərək məcəllə qayçılanmasın. Yəni müəyyən nüanslar  oradan çıxarılmasın, dəyişikliklərə məruz qalmasın”.

İqtisadçı ölkə iqtisadiyyatında sağlam rəqabət mühitinin formalaşdırılması üçün müəyyən müddəaların əks olunmasının zəruri olduğunu vurğulayıb.

“Məcəllənin hansı formada qəbul edilməsi məsələsini zaman göstərəcək. Eyni zamanda bu məcəllənin işlək mexanizmdə olması da ciddi şəkildə təsir edəcək. Sözügedən məcəllənin qəbul edilməsindən sonra müddəalar işlək olmayacaqsa, o zaman dəyişiklik də olmayacaq”.

İqtisadçı Rəşad Həsənov  da mövzu ilə danışaraq qeyd edib ki, qanun Azərbaycanın beynəlxalq reytinqlərində öz töhfəsini verəcək. R.Həsənov deyib ki, məcəllə Azərbaycan iqtisadiyyatının, biznesinin libelaşdılması üçün əhəmiyyətli hesab edilə bilər.

“Sözügedən məcəllə həm ölkə ictimaiyyəti, o cümlədən biznes üçün maraqlıdır. Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığında da müəyyən qədər çətinlik yaradan məqamlardan biri idi. Məsələn  Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlarda bu qanunun qəbul edilməsi məsələsi əsas müzakirə mövzularından biridir. Bu, ilk növbədə Azərbaycanda iqtisadi mühitin liberallaşdırılması, rəqabətin təmin edilməsi, bazar məhdudiyyətlərinin məhdudlaşdırılması, bazara giriş-çıxış imkanlarının sərbəstləşdirilməsi ilə bağlı hüquqi əsaslar yaradır.

Bu baxımdan müsbət qiymətləndirilir. Həmçinin Azərbaycanın beynəlxalq reytinqlərində öz töhfəsini verəcək. Buna uyğun olaraq öncəliklə de-yure faktlar əsas götürülür. Belə olduğu təqdirdə rəqabət məcəlləsinin qəbul  Azərbaycanda müəyyən mənada reytinqlərin yüksəlməsinə gətirib çıxaracaq. De-fakto təsirləri isə daha çox qanunun hansı formada tətbiq ediləcəyindən asılıdır. Əgər qanunun tətbiqi üzrə əsas funksiyaları özündə birləşdirən Antiinhisar və İstehlak Bazarlarına Nəzarət xidməti və bu kimi qurumlar öz funksiyaları layiqincə yerinə yetirsələr, eyni zamanda mövcud tənzimləmə nəzarət alətlərini təkmilləşdirərək bazara çevik müdaxilələr etməklə, inhisarçılıq təşəbbüsləri, qeyri-qanuni məhdudlaşdırmalar, məhdudiyyətlər yaxud da qəbul edilən qanunların yarada biləcəyi riskləri əvvəlcədən müəyyən edib qarşısını alarlarsa, bu zaman faktiki bəhrəsi görüləcək”.

Ayşən Rəhim