"Antiterror tədbirləri mülki şəxslərə qarşı yönəlmədi" - Mahir Abbaszadə
    • 20-09-2023, 16:12
    • 222

"Antiterror tədbirləri mülki şəxslərə qarşı yönəlmədi" - Mahir Abbaszadə

Ordumuzun ki gün davam edən antiterror tədbirlərindən sonra bu gün Qarabağdakı separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Bununla da Qarabağdakı ermənilərin terrorçu dəstələrinin mövcudluğuna son verildi.

Mövzu ilə bağlı News24.az-a danışan Milli məclisin deputatı Mahir Abbaszadə bildirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan tərəfinin kapitulyasiya aktına qol çəkməsindən sonra 10 noyabr Bəyannaməsində qeyd edildiyi kimi, erməni silahlı birləşmələri məhz Qarabağdan çıxarılmalı və buna cavabdehliyi isə bölgədə fəaliyyət göstərən rus sülhməramlı qüvvələri həyata keçirməli idi:

"Amma çox təəssüflər olsun ki, müharibədə bizim qələbə əldə etdiyimizdən, təxminən üç il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən nəinki çıxarılmadı, əksinə silah-sursatla təmin edildi. Azərbaycan tərəfi dəfələrlə Qarabağdakı erməni əhaliyə müraciət edib, onları Azərbaycanın Yevlax şəhərində görüşə dəvət etdi. Biz istəyirik ki, Qarabağda baş verən hadisələr, azərbaycanlılar və ermənilərin birgə yaşaması ilə bağlı reinteqrasiya prosesləri çox normal halda davam etsin".

Millət vəkili bildirdi ki, Azərbaycan tərəfi vəziyyətin normallaşması üçün dəfələrlə addım atsa da,erməni tərəfi bunu qəbul etmədi. Azərbaycan Qarabağda lokal əməliyyatlar apardı:

"Təbii ki, antiterror tədbirləri bu ərazilərdə fəaliyyət göstərən erməni silahlı birləşmələrinin tərksilah edilməsinə hesablanmışdı. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan ordusunun apardığı antiterror tədbirləri mülki şəxslərə qarşı yönəlmədi. Yalnız hərbi obyektlər və hərbi istehkamlar tamamilə darmadağın edildi. Bu proseslər o zamana qədər davam edəcək ki, Qarabağda fəaliyyət göstərən xunta, qondarma parlament və Nazirlər Kabineti özünü buraxdığını və ağ bayraq qaldıraraq Azərbaycan tərəfinin bütün şərtləri qeyd-şərtsiz qəbul etməlidir."

M.Abbaszadənin sözlərinə görə, antiterror əməliyyatları nəticələri imkan verəcək ki, həm Qarabağ iqtisadi rayonunda, həm də Şərqi Zəngəzur iqtisadi rayonuna köçürülən insanların bundan sonra təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilsin:

"Digər bir tərəfdən, bilirsiniz ki, Azərbaycan dövləti torpaqları işğaldan azad etdikdən sonra çox sürətlə bərpa quruculuq proseslərini həyata keçirmək üçün bu ərazilərdə kifayət qədər artıq şirkətlər fəaliyyət göstərməkdə, insanlar işlə təmin olunmaqdadır. O nöqteyi nəzərdən bu insanların da bu ərazilərdə rahat, təhlükəsiz fəaliyyətlərini davam etdirmək məqsədilə gələcəkdə bu gün keçirilən antiterror əməliyyatlarının çox mühüm əhəmiyyəti var".

Aydan