Generalın ittiham olunduğu cinayətdə mənimsəmə 143 milyon manat oldu- Məhkəmə
    • 22-09-2023, 20:35
    • 322

Generalın ittiham olunduğu cinayətdə mənimsəmə 143 milyon manat oldu- Məhkəmə

Bakı Hərbi Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirlənidirilərək həbs edilmiş, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımovun vəkili müvəkkilinə ittiham olunduğu 473 min manat mənimsəmə epizodu üzrə bəraət verilməsi barədə vəsatət qaldırıb. Vəkil qeyd edib ki, Maliyyə Nazirliyi Hərbi Hava Qüvvələrində və Ali Hərbi Məktəbində mənimsəmə faktı ilə bağlı akt tərtib edib: "Amma 2015-2020-ci illərdə həmin qurumlarda mühasibatlıq sənədləri yandırılaraq məhv edilib. Ehtimalla təqsirləndirilən şəxsə ittiham verilib. Buna görə də həmin hissə üzrə müvəkkilimə bəraət verilsin". 

 Vəkil həmçinin müvəkkilinə məxsus əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi barədə vəsatət verib. Bildirib ki, həmin əmlaklar üzərindən həbs götürülsün və onlar satılaraq dəymiş ziyanın ödənilsin. 

Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı həmin vəsatətlər sübutların araşdırılması mərhələsinə aiddir və məsələyə məhkəmə araşdırılması zamanı aydınlıq gətirilə bilər. 

Müşavirədən sonra məhkəmə vəsatətləri. baxılmamış saxlayıb.

Daha sonra prokuror ittiham aktını elan edib. 

İttihama görə, Nizami Məmmədov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq 2017-2022-ci illərdə Müdafiə Nazirliyinin satınalmalar və maliyyə xərclərini şişirtməklə, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil edib, ümumilikdə 143 milyon manat dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər.

Bundan başqa, Nazimi Məmmədov Müdafiə Nazirliyinin baş qərargah rəisinin göstərişi ilə nazirliyin satınalmalar və təchizat idarəsi, mənzil istismarı idarəsinin rəisləri ilə əlbir olub, ümumilikdə 6 milyon manat mənimsəyiblər.

İttihama münasibət bildirən Nizami Məmmədov özünü qismən təqsirli bilib. Satınalmalar və təchizat idarəsi, həmçinin mənzil istismarı idarələrində mənimsəmələr epizodu üzrə özünü təqsirli bilməyib. Bildirib ki, işlədiyi dövrdə 12 milyon manat mənimsəmə faktına yol verib, həmin dəymiş ziyanın da ödəyib. 

Digər təqsirləndirilən şəxslərdə ittiham üzrə özlərini qismən təqsirli biliblər. 

Daha sonra Vüsal Əlizadənin vəkili Əhməd Fərhadov məhkəmə iclasının qapalı keçirilməsi barədə vəsatət verib. Vəkil deyib ki, təqsirləndirilən şəxslərin ifadələrində dövlət sirri təşkil edən məlumatlar ola bilər. Vəkil bu məlumatların sosial şəbəkələrdə yayılmaması üçün təqsirləndirilən şəxslərin şəxslərin ifadə verməsi ilə bağlı məhkəmə iclasları qapalı keçirilmısini istəyib. 

Məhkəmə təqsirləndirilən şəxslərin dindirilmşsini qapalı iclasda keçirilməsi barədə qərar qəbul edib. 

Növbəti proses sentyabrın 29-a təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manatı ödənilib.

Samir Əli