Səfər Mehdiyev İran iqtisadi işlər və maliyyə naziri ilə görüşüb
    • 16-03-2019, 11:40
    • 1 096

Səfər Mehdiyev İran iqtisadi işlər və maliyyə naziri ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirFərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında qarşılıqlı əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan-İran münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran Səfər Mehdiyev, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirFərhad Dejpəsənd ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Qonaq qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib.

Fərhad Dejpəsənd Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərə toxunaraq, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.

Nümayəndə heyətinin rəhbəri martın 14-15 tarixlərində Bakıda keçirilən Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısında gömrük işi üzrə aparılmış müzakirələri və əldə edilmiş razılaşmaları təqdir etdiklərini, bu razılaşmaların uğurla həyata keçiriləcəyinə əmin olduğunu söyləyib.
Sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük Administrasiyası arasında görüşün protokolu imzalandı.

Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, İran tərəfindən Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi imzaladılar.

Daha sonra Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.