Azərbaycanda Sevgililər Günü qeyd olunur
    • 30-06-2018, 10:50
    • 2 079

Azərbaycanda Sevgililər Günü qeyd olunur

Artıq bir neçə ildir ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur.

Bu tarix 20 Yanvar faciəsi zamanı şəhid olan İlham Allahverdiyevin və onun vəfatından sonra intihar edən həyat yoldaşı Fərizə Allahverdiyanın toy günüdür. 

İham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib.

Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyib. İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirib.

Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmub.

1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi olub.

Ailə qurması: 

1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlib. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkib. 1989-cu ilin martın 19-da nişanı olub. 1989-cu ilin 30 iyununda Fərizə İlhamla Bakıda ailə həyatı qurub.

Ölümü:

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb,
anasıgilin yanına aparır.

Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

İntihar zamanı o hamilə idi. Onun bətnində 2 aylıq körpəsi vardı. Fərizə həkimə çatmamış, vəfat edib.