-
- 27-09-2023, 14:23
- 526
Qarabağdan gedənlərlə bağlı ilginc faktlar: Cibində Rusiya pasportu olan ermənilər...
Antiterror tədbirlərindən sonra erməni əsilli vətəndaşların Laçın sərhəd-buraxılış məntəqəsindən keçidində intensivlik var. Azərbaycan dövləti heç kəsi ölkə ərazisindən çıxartmır. Elə sərhəd postunda Azərbaycan jurnalistlərinə müsahibə verən ermənilər də bildirir ki, onlara qarşı heç bir təzyiq edilmir. Sadəcə olaraq onlar müstəqil olaraq belə qərar verirlər. Ona görə də, erməni əsilli şəxslərin ərazilərimizdən gedişi könüllülük əsasında baş verir.
News24.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, əslində ermənilərin vətəni yoxdur:
“Əgər erməni əsilli şəxslər Azərbaycan qanunlarına tabe olub normal yaşamaq istəmirlərsə, onlar üçün dəridən-qabıqdan çıxanlara sığınsınlar. Ermənidən daha çox erməni olmaq istəyən dövlətlər var. Gedib onların ölkəsində də yaşaya bilərlər. Kimsə buradan könüllü şəkildə gedirsə, onu zorla saxlamaq mümkün deyil”.
Millət vəkili bildirib ki, gedən ermənilərin çoxusu Azərbaycan dilini bilir:
“Yaşı 30-35-ə qədər olanlar azərbaycanca bilmir. Amma digər ermənilərin demək olar ki, hamısı Azərbaycan dilini yaxşı bilir. Vaxtilə azərbaycanlılarla təmasda olub, evlərində usta, fəhlə kimi işləyib. Burada yaxşı pul qazanıb, güzəran qurublar. Sonra da üzümüzə ağ olublar”.
Elman Məmmədov gedən ermənilər içərisində son dövrlər, yəni işğaldan sonra Azərbaycan ərazisində qanunsuz məskunlaşanların olduğunu söyləyib:
“Antiterror tədbirlərindən öncə də ərazilərimizi tərk edən ermənilərin əsas hissəsi Ermənistan vətəndaşları idi. Hətta cibində Rusiya pasportu olan ermənilər də var. Oradan-buradan gətirilib Qarabağda qanunsuz olaraq yerləşdirilən ermənilər çoxluq təşkil edir. 1992-ci ildən Xocalıda qanunsuz olaraq məskunlaşıblar. Azərbaycanlıların evlərinə yerləşdiriliblər. Bu şəxslər yerli ermənilər sayılmır. Həm də bilirlər ki, azərbaycanlılar öz yerlərinə qaydırır. Ona görə də, bəri başdan ərazidən çıxırlar".