Əlillərə veriləcək avtomobillərin sayı açıqlandı
    • 18-03-2019, 13:40
    • 4 924

Əlillərə veriləcək avtomobillərin sayı açıqlandı

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil veriləcək. 

Bu barədə News24.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, cari ildə həmin vətəndaşlara veriləcək avtomobillərin sayı nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 600-ə çatacaq. Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqındakı” sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksədilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamda  qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılıb. Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək. Beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq. Əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Belə proqramlardan biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. Proqramın davamı olaraq, 2018-ci ildə həmin insanlara daha 265 avtomobil verilməklə, ötən dövrdə təqdim olunan minik avtomobillərinin sayı 6 144-ə çatıb. Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanmış əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək. Ümumilikdə, bu gün imzalanan Sərəncam dövlət başçısının həssas qruplardan olan vətəndaşların, o cümlədən müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti ifadəsidir.