Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir
    • 19-03-2019, 14:36
    • 844

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

Cari ildə “Kaspersky Lab” 500 milyona yaxın fişing səhifəyə keçid cəhdinin qarşısını alıb.

News24.az
bildirir ki, "Report"-a verilən məlumata görə, bu ötən illə müqayisədə dəfə çoxdur.

“Kaspersky Lab” bu il ilk dəfə olaraq Azərbaycanı fişing hücumlar monitoringinə daxil edib. Azərbaycan 169 ölkə arasında 13,83% göstərici ilə 79-cu yerdə qərarlaşıb. Siyahıda ilk pilləni 28,28%-lə Braziliya tutur. Sinqapur 4,54% göstərici ilə sonuncudur.

“2018-ci il bir daha sübut etdi ki, fırıldaqçılar xəbərlərdən öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Biz kriptovalyutalarla bağlı resurslara olunan fişinq hücumların sayında stabil artım müşahidə edirik. Kriptovalyutaların məzənnəsinin düşməsinə baxmayaraq, fırıldaqçılar və spamçılar bu bazardan yetəri qədər mənfəət əldə etməyə çalışırlar”, - deyə “Kaspersky Lab” şirkətinin baş kontent analitiki Tatyana Sidorina deyib.
Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır. Cari ildə “Kaspersky Lab” həlləri bu tipli saytlara edilən 3 milyondan çox giriş cəhdinin qarşısını alıb. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir - öncə istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırma söz verilir. Lotereya kimi tətbiq olunan fırıldaqçılıqda “qurban”ı daha çox ilkin ödəniş etməyə həvəsləndirirlər və bunu mükafatlandırmanın həcminin ilkin ödənişdəki məbləğdən asılı olması ilə izah edirlər. Belə ki, ilkin ödəniş nə qədər çox olarsa, mükafatlandırma da müvafiq olaraq, bir o qədər artıq olacaq.

Ötən il “Kaspersky Lab” “özüyayılan” fişinqi ifşa edib. Bu fişinq əsasən messencer və sosial şəbəkələrdə, xüsusilə də “Whatsapp”da çox geniş yayılıb. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd ediblər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunub.

Fişinqin qurbanına çevrilməmək üçün “Kaspersky Lab” istifadəçilərə sadə qaydalara riayət etməyi tövsiyə edir:
- Məktub göndərənin ünvanını və məktuba daxil olan linkin doğruluğunu yoxlayın. Güvənmədiyiniz halda, məktubu açmayın. Əgər istəmədən belə, şübhəli sayta daxil olsanız, orada şəxsi məlumatlarınızı daxil etməyin. Şifrənizin fırıldaqçıların əlinə keçdiyini fikirləşirsinizsə, mütləq şifrəni yenisi ilə əvəzləyin.
- Vacib saytlara daxil olarkən (məsələn internet bankinq sisteminə), müdafiə olunan əlaqədən istifadə edin, mümkün olduqca, ictimai “Wi-Fi” sistemindən uzaq qaçın. Bütün bunlar fişinq səhifələrə girmə ehtimalı riskini azaldır. Maksimal güvənlilik üçün şəbəkəyə qoşulmaq üçün xüsusi proqram və həllərdən istifadə edin.
- Anti-fişinq texnologiyaları ilə olan qorunma həllərindən istifadə edin. Proqram fırıldaqçıların saytına girərkən sizə xəbərdarlıq edəcək və müvafiq səhifəni bloklayacaq.