“Qazaxlı Alik”in oğlundan kimlər şikayət edib? - Qardaşından AÇIQLAMA
    • 5-10-2023, 16:39
    • 798

“Qazaxlı Alik”in oğlundan kimlər şikayət edib? - Qardaşından AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğlu, Milli Fədai Hərəkatının təsisçilərdən biri Fuad Muradov oktyabrın 4-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs olunub.

News24.az xəbər verir ki, Fuad Muradovun qardaşı Rəhman Muradov Pravda.az-a açıqlamasında F.Muradovun həbs olunma səbəbindən danışıb. 

“Mən iki il bundan əvvəl televiziyaya çıxıb Fuaddan imtina etmişəm ki, mənim elə qardaşım yoxdur. Şəhid ailələri ilə bağlı məsələdə ondan imtina etdim. O vaxtdan bu günə qədər onun kimi qardaşım yoxdur. Bir nəfər çıxıb mənə sübut edə bilməz ki, Fuadla əlaqəm olub. Öz etdiyi əməllərə görə qanun qarşısında cavab verməli idi. Mən çox müraciətlər etmişdim ki, Fuadın qarşısını alsınlar. Mənim nəslimi, qohum-əqrəbamı nəyə görə, kimə görə söyürlər? Çıxıb nə “trolluq” edir? Kimdir bu? Qarşısını alsınlar. Yəqin ki, etdiyi əməlləri var. Əlaqəm yox idi, buna görə də hansı əməllərinə görə həbs edildiyini bilmirəm. Onu kim ki şişirib, çıxarıb ortaya salmışdısa, bu adam həbs olunmurdu. Haqqında nə qədər insan şikayət edirdi. Haqq-ədalət onda yerini tutardı ki, şəhid ailələrini təhqir edəndə həbs edilərdi, amma olmadı, don geyindirildi. Deyirdi ki, deməmişəm, halbuki səs yazıları, sübutlar ortaya qoyulmuşdu. Belə şərəfsizlərin qabağını çoxdan almaq lazım idi. “Tik Tok”da ağzına gələni danışırdı, onu-bunu söyürdü. O icra hakimiyyətinə, bu nazirə ilişirdi. İlişmədiyi adam qalmamışdı. Arxasında duran, o sözləri dedirən kim idi? Əminəm ki, kimsə onu qabağa verirmiş, danışdırırmış. Bu gün də aparıb “içəri” saldılar...”, - R.Muradov bildirib. 

O, F.Muradovun 1 ay əvvəl səs yazısını yaydığı sabiq deputat Hacı Salayevin şikayəti əsasında həbs edildiyi barədə iddialara isə belə cavab verib: “Eşitdiyimə görə, Hacı Salayevin də şikayəti var. Şikayətçilər bir neçə nəfərdir. Tam dəqiq məlumatım yoxdur. Bildiyimə görə, beş nəfərə yaxın şikayətçi var. Deyirlər ki, hədə-qorxu yolu ilə pul alırmış, şantaj edirmiş. Məlumatlara görə, qrup şəklində olublar. Fuaddan hər şeyi gözləyirəm. Ola bilər...”