Araiki nə gözləyir? - Hüquqşünas AÇIQLADI
    • 5-10-2023, 17:25
    • 553

Araiki nə gözləyir? - Hüquqşünas AÇIQLADI

“Araik Arutyunyan ömürlük həbs cəzasına məhkum edilə bilər”.

Bunu News24.az-a hüquqşünas Şamil Paşayev deyib.

O bildirib ki, Arutyunyanın ittiham olunduğu maddələr amnistiyaya düşmür.

“Eyni zamanda cinayət məsuliyyətinə cəlb edilməsi üçün də müddət nəzərdə tutulmur. Qeyd olunan maddələrlə aparılan istintaq hərəkətlərindən sonra Araik Arutyunyan 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Cinayətlər kateqoriyasına görə burada ağır cinayətlər də var. Belə olan halda Araik Arutyunyanın ömürlük azadlıqdan məhrum edilməsi tamamilə mümkündür”, - hüquqşünas vurğulayıb.

Qeyd edək ki, Rusiyanın “RİA Novosti” agentliyi də Araik Arutyunyanın ömürlük həbs ediləcəyini yazıb. Həmçinin Ermənistan mətbuatında da Araiki ömürlük həbs cəzası gözlədiyini yazırlar. 

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatında qeyd olunur ki, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib. Bu maddələrlə Araikə ömürlük həbs verilə bilər?

Xatırladaq ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar. Ona Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb.

Akqabay