Həbsdə olan baş redaktor ACLIQ AKSİYASINA BAŞLADI
    • 6-10-2023, 11:11
    • 437

Həbsdə olan baş redaktor ACLIQ AKSİYASINA BAŞLADI

“Azadinfo.az” saytının rəhbəri, həbsdə olan jurnalist Mahir Xəttab (Ələkbərov ) Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Bu barədə News24.az-a M. Xəttabın qohumları məlumat verib.

Məlumata görə, jurnalist barəsində olan cinayət işinə obyektiv baxılmaması, həbsdən azad olunmasına maneçilik törədilməsinə etiraz olaraq aksiya keçirir.  Mahir Xəttab ona təyin edilmiş cəzanın yarıdan çoxunu çəkməsinə baxmayaraq vaxtından əvvəl azadlığa buraxılması məsələsi təmin edilməyib. 

Jurnalist bu barədə həm cəzaçəkmə müəssisəsinin, həm də Penitensiar Xidmətin rəhbərliyinə müraciət etsə də, onun sənədlərinin məhkəməyə göndərilməsi üçün komissiyadan keçirilməsinə heç bir şərait yaradılmayıb.

M. Xəttab müəssisədə aclıq aksiyasına başlayıb və bu barədə müəssisə rəhbərliyini məlumatlandırıb.  

Qeyd edək ki, Mahir Xəttab Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. 

Ali Məhkəmənin qərarı ilə onun cəzası 6 ay azaldılıb.

Samir Əli