-
- 6-10-2023, 12:00
- 236
30 ildir erməni vəhşiliyinə səssiz qalan Avropanın İKİÜZLÜLÜYÜ - ŞƏRH
Xəbər verdiyimiz kimi, Avropa Parlamenti yenidən Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Qətnamədə Azərbaycana qarışı sanksiyaların tətbiq edilməsini tələb olunub.
Qətnamə 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb.
AP icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.
Maraqlısı budur ki, 1988-1993-cü illərdə 950 min azərbaycanlının etnik təmizləməyə məruz qaldığı zaman susan Avropa Parlamenti indi ənənəsinə sadiq qalaraq ədalətə, beynəlxalq hüquq və prinsiplərə deyil, qərəz və ikili standartlardan irəli gələn sənəd qəbul etdi. Azərbaycanın reinteqrasiya prosesinə başladığı vaxtda yenidən "aktivləşməyə" başladı.
Mövzu ilə bağlı türkiyəli politoloq Aydın Sezer News24.az-a danışıb.
O bildirib ki, qərarın qəbul edilməsində xüsusilə Fransadakı erməni lobbisinin, diasporunun təsiri və siyasi təzyiqi danılmazdır.
“Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı qətnamə məcburi xarakter daşımır, bu, sadəcə məsləhət yönlüdür. Əslində bu, Fransa xarici işlər nazirinin Ermənistana səfərinin və bir neçə gün əvvəl İrəvanda verdiyi təxribatçı bəyanatların davamıdır. Qərar Avropa Parlamentinin daha əvvəl qəbul edilmiş bəzi qərarları kimi, qərəzli, tərəfli və reallığı əks etdirməyən perspektivlə qəbul edilib. Bu, yalnız erməni diasporunu qane etmək üçün verilib”, - o deyib.
Politoloqun sözlərinə görə, AP-nın müvafiq ölkələrə qarşı sanksiyalar tətbiq etməsinin əslində bir mənası yoxdur. O hesab edir ki, Avropa İttifaqının müvafiq icra orqanından bu istiqamətdə hər hansı qərar verməyəcək: “Lakin Fransa kimi üzv dövlətlər müəyyən addımlar ata bilər, amma bu, Aİ daxilində yeni problemlər yarada bilər. Çünki, Aİ xüsusilə enerji sahəsində Azərbaycanla, əlaqələri inkişaf etdirmək arzusundadır”.
A.Sezer vurğulayıb ki, Ermənistan və Gürcüstanla yanaşı, Azərbaycan da Avropa İttifaqının “qonşuluq siyasəti” çərçivəsində olan bir ölkədir.
“Bu səbəbdən Avropa İttifaqı daxilində Azərbaycana qarşı hər hansı bir ayrı-seçkilik ilk növbədə Aİ-yə ziyan vuracaq. Aİ-ni həqiqətən narahat edən məqamlardan biri isə onun Ermənistan tərəfdən Rusiyaya qarşı himayədarı kimi çıxış etməkdir”, - deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Avropa Parlamentinin xarici siyasət məsələləri ilə bağlı qətnamələri hüquqi qüvvəyə malik deyil, lakin digər Avropa qurumları Avropa Parlamentinin deputatlarının rəylərini dinləməlidir.
Ayşən