Dövlət sərhədçilləri Ermənistanın 15 ədəd "S-300" raket kompleksini məhv edib - Elçin Quliyev
    • 6-10-2023, 12:48
    • 481

Dövlət sərhədçilləri Ermənistanın 15 ədəd "S-300" raket kompleksini məhv edib - Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Ermənistan silahlı qüvvələrinin 15 ədəd "S-300" raket kompleksini məhv edib.

News24.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib. 

Xidmət rəisi bildirib ki, Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı: 

"DSX-nin "Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin "SU-25" hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı. 2022-ci il sentyabr ayında sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu. Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı, döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi. Döyüş əməliyyatları zamanı "Harop" və "Quzğun" zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycan Respublikasının hava məkanını nəzarətdə saxlamaq imkanı verən 7 ədəd "S-300" sistemi, döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu.

Döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub".

E. Quliyev biildirib ki, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.