-
- 20-03-2019, 15:22
- 2 374
Şərqin Napoleonu Sabirabada niyə gəlmişdi: 54 illik ailə həyatını həll edən kələğayı - REPORTAJ - SƏBUHİ SƏDƏF YAZIR
- İndi hər şeyin dadı qaçıb, a bala. Nə qalıb ki? Heç nə, ocaq qala, üstündən tullan, sonra da gir evə, Xoşqədəmə bax, yıxıl yat. Bizim zamanda şal sallayardıq, qapı pusardıq, gecə yarısına qədər həyət-bacadan yığışmazdıq.
Bunu Şərəfnisə nənə deyir. 91 yaşı var. 7 övladı, 18 nəvəsi, nəticələri, hətta kötükcəsi də. Maraqlı nənədir. Sinəsi bayatıyla dolu, həyatın min bir sifətini görmüş ipək kimi bir qarıdı. Onunla təsadüfən tanış olduq. Axır çərşənbə axşamı. Hətta evinə də dəvət
elədi. Minnətdarlıq edib, evə keçmədim...
Novruz, bu bayram haqda şablonlardan sizin
kimi mən də bezmişəm. Ona görə də maksimum nənəni danışdırmaqda israrlıydım.
Gülə-gülə deyir ki, mənim üçün də şal sallayıblar. Elə bibisi də şalı belinə bağlayıb.
- Axır çərşənbə axşamı subay oğlanlar bel şalı, kələğayı götürüb sevdikləri qızların evlərinə gedərdilər.
Şalı bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razıdısa, onda,
şalı ya kələğayını onun belinə bağlayırdılar. Razı deyildilərsə, dəsmala şirni qoyub geri qaytarardılar.
Odur ki, heç bir oğlan istəməzdi ki, şalı geri qayıtsın. İndi belə şeylər nə gəzir.
- Sizin belinizə də şal bağladılar...
- Hə, bibim bağladı. Evdə bilirdilər dəə...Düz 54 il bir yerdə yaşadıq.Elə şirin-şirin gülür ki...
Deyir, Novruz axşamı isə kəndin ağsaqqalları evində hüznü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb, onlara səməni xonçası aparardılar. Səməni xonçasında göyərdilmiş səməni, bəhməz, meyvə, noğul
qoyulardı. Xonça aparanlar əllərindəki torbadan həyətdə oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa verərdilər. Yetim-yesiri ovudardılar.
- Əsil Novruz ondaydı, a bala.
Hardasa haqlıdır Şərəfnisə nənə. Adət-ənənələr, bəzən tarix də unudulur. Amma News24.Az
olaraq belə bir qərar verdik. Bəlkə Novruzla bağlı tamam fərqli bir layihə edək. Və qərara gəldik:
Sabirabada gedək. Bəs niyə ora? Hə, o Sabirabada ki, düz 283 il əvvəl bu torpaqlarda tarixi silkələyəcək bir hadisə baş vermişdi. Sonradan şərqin Napoleonu adını qazanacaq Nadirqulu xan özünü şah elan edəcəkdi.
Suqovuşanda. Kürlə Arazın qovuşduğu yerdə...
Sabirabad şəhər 2 saylı Təbiət və Texniki təmayüllü məktəb-liseyinin müəllimi Musa Ələkbərov deyir ki,
üstündən 3 əsrə yaxın vaxt keçdiyindən indi coğrafi relyef də dəyişib.
- O vaxt Kürlə Araz indiki Suqovuşan kəndi ərazisi də daxil məhz burda qovuşurdu. Bir maraqlı məqamı mütləq qeyd etmləliyik. Söhbət ondan gedir ki, Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar bu ərazilərə xeyli malakan kənliləri köçürüldü. İndiki Sabirabad ərazisi 1888-ci ildən Petropavlovka adlandırıldı. Petropavlovka Bakı quberniyasının Cavad qəzasının tərkib hissəsi idi. 1901-ci ildə bu ərazidə cəmi 87 nəfər ailə yaşayırdı. İndi təkcə şəhər əhalisinin sayı 30 mini keçib. Rayonda isə rəsmi statistikaya görə, vur-tut iki malakan yaşayır. 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Mirzə Ələkbər Sabirin adı verildi.
Musa müəllim deyir ki, şəhər böyüdükcə Suqovuşan kəndini də özünə birləşdirdi. İndi Suqovuşan kəndi deyəndə Sabirabada bitişik eyniadlı kənd nəzərdə tutulur. Kürlə Araz isə Cavad kəndində qovuşur.
Hə, orda qalmışdıq axı? 1736-cı ilin Novruz bayramı günü Nadir məhz bu torpaqlarda öz qurultayını çağırır. Özü də qurultaya əməlli hazırlıq gedib. Çünki hələ iki ay əvvəldən 21 martda təşkil olunacaq qurultay üçün dövlətin hər yerinə fərmanlar göndərilmiş və hakimlər, vilayət rəisləri, əyan və uləmalar Cavad keçidi yaxınlığında qurultaya çağırmışdılar. Bir də buyrulmuşdu ki, Kür və Arazın qovuşduğu yerdə, Cavad keçidi yaxınlığında ağac və qarğıdan 12 min ev tikilsin; ayrıca karvansara, məscid və imarətlər qurulsun.Tezliklə bura 100 minə kimi adam toplandı. Bu, o dövr üçün fantastik bir rəqəm idi. Nadir şah üçün burada ipək toxuma və parçalarla tutulmuş böyük çadırlar qurulmuşdu. İçəridən onlar saysız qızıl, gümüş və başqa daş-qaş əşyalarla bəzədilmişdi. Öz çadırında şəhanə qəbul qonaqlıqları verən Nadirin qonaqları qarşısına qızıl və gümüş qablarda arası kəsilmədən gözəl yeməklər düzülürdü. Onları çalğıçılar və xanəndələr, kəndirbaz və oyunbazlar şənləndirib əyləndirirdi. Deyilənə görə, Nadir ilk əvvəl guya hakimiyyətə ehtiyacı olmadığı üçün şah taxtına oturmağa etiraz etmişdi. Amma əslində onun əsas məqsədi hakimiyyəti ələ keçirmək idi. Və o, 100 min nəfərin qarşısında and içərək taxta oturur. Hindistana qədər gedib çıxan böyük bir imperiyanın əsasını qoyur.
Musa müəllim deyir ki, ümumiyyətlə bu yerlər tarixi abidələrlə zəngindir. Sadəcə israrla arxeoloji qazıntılara ehtiyac var.
Sabirabad rayon sakinləri deyir ki, burada kifayət qədər tarixi abidələr var ki, ora gələn turistləri cəlb eləmək mümkündür. Yəqin çox az adam bilir ki, Kür-Araz çayının qovşağında yerləşən Zəngənə kəndində böyük bir yeraltı şəhər aşkar olunub. Məlum olub ki, bu ərazi çox qədim yaşayış məskənlərindən biridir. Eyni zamanda həmin ərazidə tariximizlə bağlı zəngin qaynaqlar mövcuddur. Bunları bir muzey halında formaya salıb turistlərə təqdim etmək turizmin inkişafı üçün ciddi nailiyyətlər hesab oluna bilər.
Sən demə, 1926-cı ildə Zəngənə kəndi yaxınlığında xəzinə də tapılıbmış. Azərbaycan tarixinə “Sabirabad dəfinəsi” kimi daxil olan qızıl və gümüş sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişdilər.
Nadirin Novruz bayramını seçməyi də təsadüf deyilmiş. Məqsəd özünü məhz bu müqəddəs gündə şah elan etməklə tarixə düşmək imiş...
***
Nadir tarixdə iz qoymaqda olsun, biz bayramımıza qayıdaq. Hava qarala-qaralmaz artıq Sabirabadın küçələrində ilk tonqallar yanmağa başladı. Bu bayram sanki uşaqların ilboyu gözlədyi ən xoşbəxt gündür məncə.
- Biz bir ay əvvəldən taxta yığmışıq.
- Hardan yığmısız?
- Oğurlamışıq da əmi.
- Oğurlamaq yaxşı iş deyil axı.
Deyəsən, əməllicə pərt etdim uşağı. Boynunu qucaqlayıb üzündən öpürəm. O da bir ovuc qovurğa verir. Tam ciddi deyirəm, həyatımda ən ləzzətli qovurğanı bəlkə də Sabirabadda yedim. Azər müəllim deyir ki, bizdə qazda qovurğa qovuran az olur.
- Hamı çalışır odunun üstündə qovursun. Təndirdə bişən qoğalın dadı isə ayrı aləmdir.
Hə, o qoğaldan da daddıq. Adam utanmasaydı, birini də istəyərdi. Şəkərbura və paxlavada isə açığı gözüm qaldı. Yox, nə danışırsız? Azər müəllim israr da etdi. Amma bu lənətə gəlmiş şəkərin ucbatından dada bilmədim.
Əli kişi isə bir başqa aləmdir. Deyir indi bayram etməyə nə var ki? Şükür, dükan-bazar doludu. Bir gün əvvəldən al-yığ evə, bişir-düşür.
- Əvvəllər azı bir ay əvvəldən hazırlıq görülərdi. Həyət-bacanı təmizləyərdilər, evləri şirələyər, paltar-palazı təmiz suya çəkərdilər. Novruzda səməni halvası bişirərdilər. İndiki arvadlar-gəlinlər tənbəldilər. Nə halva bişirmək a kişi, paxlavanı, qoğalı da gedib dükandan aldırırlar ərlərinə. Yel çərşənbəsi günü üzərrik yandırmaq istədim nəvələrimin başına çevirim. Gəlin az qala öldürürdü məni ki evi iy bürüdü.
Bunu deyib də gülür Əli kişi. Əli kişi deyir ki, Novruzda təzə paltar alıb, qız-gəlini təzə donla sevindirərlər. O da hər il belə edir. İlboyu pensiyasından yığıb onları sevindirir.
***
- Biz qabaqlar lopa düzəldərdik. Lopanın kim daha hündürə atdısa, o qalib sayılardı. İndi uşaqlar o kitaysiki partladanlar nədi, ondan alıb partladırlar. Hə, yadıma gəlir, uşaq vaxtı bir də nəyin mübahisəsini edirdik? Kimin məhləsinin tonqalı daha böyükdü. Elə olurdu ki, mübahisə davaya çevrilirdi. Bir-birimizi qana boyayardıq. Amma heç kim heç kimdən inciməzdi. Səhəri günü barışardıq.
Bunu isə Elxan deyir.
Aramla yağış yağır, amma heç kimin vecinə də deyil. Hamı ocaq başında. Uşaqlar isə əllərində kiçik sellofan torbalar qapılarda. Və bütün bunlar vur-tut bir gün olacaq. Ona görə də, hamı maksimum çalışır ki, balaları əliboş yola salmasın. Hə, bu balaca uşaqlar məni də qonaq edirlər. Çox şirindilər... Biz isə getməliyik. Bu tarixi vətəndən, bir az da tarixdən söz açdıq. Hələ bir maraqlı işimiz də var. Odur ki, ayrılmayın...
Səbuhi SƏDƏF
Bakı - Sabirabad