İsrail-Fələstin müharibəsi qiymətləri BAHALAŞDIRACAQ?
    • 11-10-2023, 13:09
    • 559

İsrail-Fələstin müharibəsi qiymətləri BAHALAŞDIRACAQ?

Məlum olduğu kimi, HƏMAS radikal qruplaşması “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda da İsrail ordusu ilə döyüşlər davam edir. Sözügedən müharibə silah və neftin qiymətlərini artırıb. Davam edən hərbi toqquşmalar dünya iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, müharibə dünya iqtisadiyyatında ciddi fərqlər yaratmayacaq:

"Fələstin-İsrail müharibəsindən sonra neftin qiymətində artımlar müşahidə edilsə də, hələlik ciddi artımlar yoxdur. Brent markalı neftin qiyməti 88 dollara təklif edilir. Baxmayaraq ki, ilk günlər birjalar, o cümlədən neft bazarı reaksiya verdi, amma bütövlükdə bu, neftin qiymətində davamlı artımlarla müşahidə edilmədi. Dünya iqtisadiyyatına təsirlərə gəlincə isə bu, hələlik hiss edilən deyil. Region vacib olsa da, həmin ölkələrin dünya iqtisadiyyatında payı yüksək deyil. Baxmayaraq ki, İsrail innovativ məhsul istehsalı və ixracı baxımından fərqlənən ölkələrdəndir, amma dünya iqtisadiyyatında payı yüksək deyil. Bu baxımdan da müharibənin iqtisadiyyata ciddi təsirləri müşahidə edilmir".

 Millət vəkilinin sözlərinə görə, növbəti mərhələdə müharibənin təsirləri məhz coğrafi baxımdan müharibənin hansı coğrafiyada yayılmasından asılı olacaq:

"Əgər müharibəyə digər ölkələr də qoşularsa, müharibənin arealı genişlənərsə, o halda dünya iqtisadiyyatına təsirləri olacağı gözlənilir. Neft bazarında da daha yüksək artımlar müşahidə edilə bilər. Müharibə İsrail ilə Fələstin arasında davam etdiyi müddətdə dünya iqtisadiyyatında strateji məhsulların qiymətində ciddi fərqlər proqnozlaşdırılmır".

Qumral Əliyeva