Polisin qətli ilə bağlı məhkəmədə qalmaqal
    • 11-10-2023, 16:44
    • 162

Polisin qətli ilə bağlı məhkəmədə qalmaqal

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

News24.az-ın məlumatına görə,  hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən Tərlan Abdulov bildirib ki, hadisədən iki gün əvvəl Xəyalla görüşüb: "Xəyalla yaxından bir birimizi tanıyırdıq. İki gün əvvəl görüşdük danışdıq, dedi ki Ramin və Raufla problemim var, söhbəti həll etməliyik? Sonradan eşitdim ki, hadisə olub". 

Məhkəmə bildirib ki, şahidin ibtidai istintaqa ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət var. Hakim şahidin ifadəsini elan edib. 

İfadədə göstərilib ki, Xəyal ilə Rauf natkotik ifadəçisi olub. Onlar hadisədən əvvəl spirtli içki qəbul ediblər. 

Şahid bildirib ki, ibtidai istintaqa ifadəsini özü yazmayıb: "Bunu müstəntiq yazıb, mənə oxumadan imza atdırıb".  

Digər şahid Ramin Həsənov isə bildirib ki, hadisədə qətlə yetirilən Xəyalla dost olub.

"Emin adında dostumuz zəng edib dedi ki Xəyal içkilidi, onu aparmaq lazımdı evə. Ardınca Xəyal mənə zəng edərək söylədi ki söhbətimiz var onu həll etmək lazımdı. Mən dəfələrlə Xəyalə fikrindən daşındırmaq istədik. Daha sonra maşınla təqsirləndirilən şəxs olan Raufun yaşadığı ünvana getdik. Hadisədə ilk dəfə tanıdıqlarım Orxan və mərhum İlkin də var idi. Xəyal maşından düşüb qabağa getdi və biz də onun dalınca düşdük. Sonra şüşə qırıntıları səsi eşitdik. Daha sonra hadisənin böyüdüyünü görüb aralaşdım. Dedim ki gecə vaxtı söhbət etməyin mənası yoxdu. Ora gedəndə əlimizdə heç bir soyuq silah və ya dəyənək yox idi". 

Məlum olub ki, bu şahidin də ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət var.

O, istintaq dindirilməsində bildirilib ki, dəyənək yalnız Xəyalın əlində olub:

"Xəyal o dəyənəklə evin pəncərəsini qırdı və nalayiq ifadələr işlətdi. Xəyal əlindəki dəyənəklə Raufun anasının başına vurdu. Hadisə zamanı bir nəfərin bıçaqla vurulduğunu gördüm".

Növbəti məhkəmə prosesi oktyabrın 25-nə təyin edilib. 

Xatırladaq ki, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib. Qətlə yetirilən Xəyal Rəhimov polis əməkdaşı olub.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Samir Əli