Polisi öldürənlərin məhkəməsində DAVA DÜŞDÜ
    • 13-09-2023, 13:12
    • 380

Polisi öldürənlərin məhkəməsində DAVA DÜŞDÜ

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

News24.az-ın məlumatına görə,  hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetriilən polis əməkdaşı Xəyal Rəhimovun anası Gülayə Rəhimova bildirib ki, oğlu həmin gün günahsız yerə öldürülüb:

"Hadisənin səbəbkarı oğlumun dostu Orxan adlı şəxsdi. Orxan bu adamlardan narkotik vasitə alırmış. Xəyal hadisə vaxtı nə içkili olub, nə də əlində bıçaq olub. Həmin gün təxminən axşam saat 9-da Xəyal evdən çıxaraq maşınla bir az dolaşacağını deyib. Orxanla təqsirləndirilən şəxslər arasında dava olanda Xəyal da onunla birlikdə söhbəti aydınlaşdırmaq üçün gedibmiş. Məhkəmədən təqsirləndirilən şəxslərin ən ağız cəza almalarını xahiş edirəm".

Prosesdə  təqsirləndirilən şəxslər Ceyhun və Ramin İsayevlərin anası İlahə İsayeva ifadə verib.

O, bildirib ki, digər təqsirləndirilən şəxs Rauf Hüseynov isə onun evində kirayə qalıb:

"Həmin gün hamımız yatmışdıq. Çöldən səs eşitdik. Biz çölə çıxanda Orxanın söyüş söydüyünü, Xəyalın da onun yanında olmasının şahidi olduq. Mən onları sakitləşdirməyə çalışdım. Daha sonra oğlanlarımla Rauf dalaşdılar. Daha sonra Xəyalgil getdilər. Sonra 7-ə yaxın naməlum şəxs evimizə hücum etdilər. Onların hər birinin əlində dəmir dəyənək gördüm. Hadisə vaxtı mən kimin ölməsinin və ya bıçaqlanmasının şahidi olmamışam".

Qətlə yetirilən İlkin Rzayevin keçmiş həyat yoldaşı Nərmin Fətəliyeva isə bildirib ki, hadisədə adı hallanan qardaşı Orxanın heç bir günahı yoxdur:

"Hadisə zamanı yoldaşıma Xəyaldan zəng gəldi. Onu "Kosmos" deyilən əraziyə çağırıb. Ancaq Xəyal İlkini davaya çağırması barədə məlumat verməyib". 

Prosesdə tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və hakim məhkəmə iclasını təxirə salıb.Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Samir Əli