İsrail-Fələstin müharibəsi: İRANA ÇATACAQ ?
    • 11-10-2023, 18:52
    • 271

İsrail-Fələstin müharibəsi: İRANA ÇATACAQ ?

HƏMAS-ın İsrailə hücumundan sonra başlanan müharibənin dairəsi genişlənir. Gözlənilməz miqyasda olan və nəticələrini daha uzun müddət görəcəyimiz bu hücum, bəzi ekspertlər tərəfindən İsrailin 11 sentyabr hücumu olaraq xarakterizə edilir.

İsrail ordusunun Livan ərazisinə zərbələr endirməsi İsrail-Fələstin müharibəsinində arealın genişlənəcəyi yönündə ilk siqnal hesab edilə bilər.
Dünya gündəmini dəyişən bu mövzuda Ən aktual suallardan biri isə “müharibə İrana çata bilərmi” sualıdır. 

İran HƏMAS-ın hücumunu dəstəkləyir. Hakimiyyət HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu şərh edərək, bunu “cinayətkar əməllərə güclü cavab” və “işğal olunmuş ərazilərdə işğalçılara qarşı müqavimət və silahlı əməliyyatlar sahəsində yeni səhifə” adlandırıb .
İranın dini lideri Əli Xameneyi isə : “Biz (HƏMAS-ın hücumunun) bacarıqlı və ağıllı təşkilatçıların və fələstinli gənclərin alınlarından və əllərindən öpürük”,- deyə açıqlaması da bunu sübut edir. 

HƏMAS liderləri hücumdan öncə - ötən həftə Tehranda Səudiyyə Ərəbistanı-İsrail yaxınlaşmasının yaratdığı təhlükəni müzakirə ediblər.

“Wall Street Journal”  daha əvvəl HƏMAS və Livan Hizbullahındakı mənbələrə istinadən bildirir ki, İran nümayəndələri avqust ayından etibarən Livanın paytaxtında keçirilən görüşlərdə əməliyyatın hazırlanması prosesində iştirak edirlər.

Mövzu ilə bağlı News24.az-a münasibət bildirən politoloq Ərəstun Oruclu bildirib ki, İsrail təkbaşına İrana qarşı müharibə apara bilməz. 

“İsrail təkcə HƏMAS-la yox, ilk növbədə Livanda Hizbullah, Suriyada İrana bağlı qruplaşmalar kimi ona dəstək verən qüvvələrlə də qarşıdurma deməkdir. Bu isə İsrail üçün riskdir. ABŞ da belə bir yaşanacaq vəziyyətin əleyhinədir. Hətta Birləşmiş Ştatların dövlət katibi də İranın ünvanına olan ittihamlara cavab olaraq bildirdi ki, HƏMAS-ın hücumunun arxasında İranın durması barədə faktlar yoxdur. Beləliklə ABŞ hələlik bu mərhələdə İranın münaqişəyə cəlb olunmasını istəmir. Çünki bu, bölgədə böyük müharibə demək olardı. ABŞ təkbaşına İranla savaş apara bilməz. Ən azı ona görə ki, onun İranla fiziki, sərhəd təması yoxdur”, - deyə politoloq vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, HƏMAS-ın İsrailə qarşı misli görünməmiş çoxtərəfli hücumuna cavabı Yaxın Şərqi dəyişəcək. 

Netanyahunun bu açıqlamasını Yaxın Şərqdə xəritələrin dəyişəcəyi kimi qiymətləndirmək olar?

" İsrail onsuzda Fəlsətinin sərhədlərini daraltmaqla, xeyli sayda beynəlxalq reaksiyalarla üzləşib. 

Münaqişəni davam etdirmək bu gün İsrail hakimiyyətinin marağında deyil. Netanyahunun bucür kəskin bəyanatı əlbəttə ki, baş verən hadisəyə verilən münasibətdir. Onun hökümət üzvləri, müdafiə və təhlükəsizlik qurumları faktiki olaraq təhlükəni görməyiblər. Və buna görə də cavab verməli olacaqlar. İsrailin baş naziri bacardığı qədər radikal bəyanatlar verməyə və addımlar atmağa çalışır. Bununla da hökumətin reputasiyasını bərpa etmək istəyir.

Əgər Netanyahu hökuməti daha kəskin addımlar atarsa, ərazi və sərhədlərin dəyişdirilməsinə cəhd edərsə, münaqişə genişlənə bilər”, - deyə Ə.Oruclu fikrini yekunlaşdırıb. 

Ayşən