Atası qətlə yetirilən modelyer: “Ağır cəzalandırılsınlar”
    • 11-10-2023, 16:50
    • 543

Atası qətlə yetirilən modelyer: “Ağır cəzalandırılsınlar”

Tanınmış modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilənlərə əlavə ittihamlar verilib. 

Elnarə Bəkirovanın vəkili Vasif Mirzəyev RTV-yə açıqlamasında məhkəmə prosesi haqqında danışıb. O, bildirib ki, Elnarə Bəkirovanın məhkəmədən gözləntisi cinayətkarların ağır cəzalandırılmasıdır. 

Qeyd edək ki, 69 yaşlı Kamran Bəkirovun öldürülməsi faktı üzrə ibtidai istintaq tamamlanıb. İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Könül İBRAHİM