-
- 4-10-2023, 19:51
- 123
Fərid Səfərlidən xəbər var, iki həftəyə...
Casusluq ittihamı ilə İranda həbs olunan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli ilə bağlı iki həftə ərzində ikinci instansiya məhkəmə qərarı veriləcək.
News24.az xəbər verir ki, bu barədə Musavat.com-a Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib. Onun sözlərinə Fərid məhkəmədə iştirak etməyəcək: “Ümumiyyətlə, sənədlərə əsasən özləri qərar verəcəklər. Biz özümüz tərcüməçi tutduq. Fəridin qızla olan danışıqları tərcümə olunub və sənədlərə əlavə edilib. Vəkil bildirir ki, artıq düzgün tərcümə də var. Fəridin də ilk məhkumluğudur. Ümidləri var ki, Fəridin cəzasını azaltsınlar. Yəni orada Fəridi günahlandırmağa heç bir səbəb yoxdur. Sizin sayt vasitəsilə bizim Təbrizdəki baş konsulumuz Əliyənnağı Hüseynova təşəkkür etmək istəyirəm. Mənimlə, Fəridlə daim əlaqə saxlayır. Hətta mənə demədən Əliyənnağı müəllim Fəridin maddi ehtiyaclarını qarşılayıb. Mən bunu sonradan bildim, Fərid dedi ki, hər dəfə pula ehtiyac yarananda göndərirmiş. Mən nə qədər təkid etsəm də, o, məndən heç nə qəbul etmədi ki, bu, mənim vətəndaşlıq borcumdur. Ramil müəllim, Şahin müəllimə də təşəkkürümü bildirirəm, onların işlərinin çox olduğu bir vaxtda səbirlə yanaşırlar. Nə qədər kədərli olsam da, onların vətəndaş kimi köməyini görəndə çox sevinirəm”.
Yada salaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də İrana səfərə gedib və orada həbs edilib. Səfərliyə qarşı əvvəlcə “casusluq” ittihamı irəli sürülüb və sonra bu ittiham “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. İran məhkəməsi Fərid Səfərlini iki il həbsə məhkum edib. Fərdi Səfərli ittihamı rədd edib və məhkəmənin ona hər hansı sübut olmadan həbs cəzası verdiyini bildirib.