Təqaüdçülərin kartlarından oğurluq edildi
    • 13-10-2023, 11:29
    • 203

Təqaüdçülərin kartlarından oğurluq edildi

Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, bu barədə zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi oradan uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə götürərək hadisə yerindən uzaqlaşıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O, ifadəsində bankomatların qarşısında dayanaraq əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib.

Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.