-
- 13-10-2023, 14:25
- 363
İsrail-HƏMAS müharibəsi Cənubi Qafqaza təsir EDƏCƏK?
Ötən şənbə HƏMAS-ın İsrailə qəfil hücumu ilə yenidən alovlanan İsrail-Həmas döyüşləri davam edir. İsrail HƏMAS-ın terror hücumuna cavab olaraq Qəzza bölgəsini bombalayır. Yaxın Şərqdə təhlükəli vəziyyət hökm sürür.
Beynəlxalq sferada bu məsələ ilə bağlı qütbləşmə yaranıb. Qərb ölkələri İsraili dəstəkləyərkən, digər dövlətlər, o cümlədən Türkiyə, Rusiya və Çin hər iki tərəfi savaşı dayandırmağa çağırır. Hətta "Fələstinin müstəqilliyi də tanınmalıdır",- deyə açıqlamalar da var.
İran və Suriya isə Fələstini və HƏMAS-ın hücumlarını dəstəkləyir. Bütövlükdə Cənubi Qafqazda geosiyasi mənzərənin xarakteri məsələsi də aktuallaşıb. Məsələ həm də bir sıra analitiklərin Yaxın Şərqdəki mürəkkəb proseslərin tədricən Cənubi Qafqaza yaxınlaşması ilə bağlı etdikləri xəbərdarlıq aktuallıq kəsb edir.
Müharibə İsrail-Fələstin sərhədləri ilə məhdudlaşmasa və arealı genişlənsə baş verənlər Cənubi Qafqaza necə təsir göstərə bilər?
Bu barədə politoloq Abutalıb Səmədov News24.az-a danışıb.
O bildirib ki, müharibənin regiona sıçrama təhlükəsi var.
“İsrail-Fələstin müharibəsi bütün dünyaya təsir edən bir hadisədir. Və bu, Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Çünki bir tərəfdən müsəlmanlar, digər tərəfdə isə bizə ciddi yardımlar göstərən İsrail dövləti var. Hələlik bu münaqişənin bölgəmizə bir təsiri var: dünyanın diqqəti bir qədər Azərbaycandan uzaqlaşıb.
Bu da bizə "nəfəs almaq" imkanı yaradır. Gələcəkdə müharibənin bölgəmizə sıçraya biləcəyi təhlükəsi var. İranın aktiv şəkildə bu prosesdə iştirak etməsi Cənubi Qafqaza ciddi problemlər yarada bilər.
Müharibə davam etsə, genişlənsə, yalnız İsrail-Fələstin sərhədləri ilə məhdudlaşmasa, çox ciddi təsir və nəticələri ola bilər”, - deyə o, fikrini yekunlaşdırıb.
Ayşən