Azərbaycan Şimali Kipri tanıyacaq? -
    • 13-10-2023, 17:32
    • 143

Azərbaycan Şimali Kipri tanıyacaq? -"ŞKTC-nin Bakıya gəlməsi göstərir ki..."

“Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) lideri Ersin Tatar Bakıda jurnalistlərin suallarına cavab verərkən “bilirik ki, Avropa Birliyi və bəzi ölkələr bizə görə Azərbaycana təzyiq göstərməyə çalışırlar. “Qəti şəkildə Şimali Kipr Türk Cumhuriyyətini tanımayın” deyə narahatlıq yaradırlar” cümləsini işlətdi. Cumhurbaşqanının sözlərindən aydın oldu ki, söhbət yalnız Yunanıstan və Kipr Yunan Respublikasından getmir, Avropanın digər dövlətləri də rəsmi Bakını xəbərdar etməyə çalışırlar”.

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” paylaşımında qeyd edib.

Onun bildirib ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, Brüssel və ya Paris bizim ŞKTC-ni rəsmən tanımaq qərarımıza qarışa bilməz. 

“Digər tərəfdən Azərbaycanın ŞKTC-ni tanımasına qədər başqa zəruri addımlar atılmalıdır. Ersin Tatar da jurnalistlərə verdiyi açıqlamada, “tanınma məsələsi bir qədər sonra da ola bilər” deməklə rəsmi Bakını tələsdirmədiyinə işarə verib. Birincisi, Azərbaycanla ŞKTC arasında iqtisadi və ticarət əlaqələrinin qurulmasına ehtiyac var. Ersin Tatar da ilk növbədə bu mövzuya diqqət ayırmağı lazım bilib. İkincisi, Bakı ilə Lefkoşe arasında birbaşa təyyarə reysinin açılması zəruridir. Azərbaycan vətəndaşları ŞKTC-yə getmək istəyərkən bunu İstanbul üzərindən reallaşdırmaq məcburiyyətindədir. Birbaşa təyyarə reysləri əlaqələrin inkişafında müstəsna rol oynaya bilər. ŞKTC öz ali təhsil müəssisələri ilə məşhurdur. Birbaşa təyyarə reysləri ŞKTC universitetlərində təhsil alan azərbaycanlı gənclərin işini də asanlaşdırar. ŞKTC həm də turistik məkandır. Birbaşa təyyarə reysləri iki dövlət arasında turizmə də təkan verər.Üçüncüsü, Azərbaycanın KKTC-də ilkin mərhələdə nümayəndəliyinin açılmasına ehtiyac var. ŞKTC-nin Azərbaycandakı nümayəndəliyi illərdir fəaliyyət göstərir, eynisinin də paytaxt Lefkoşedə fəaliyyəti mümkündür .Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Şimali Kipr Türk Cumhuriyyətinin nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğuladı. “Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq” deyən dövlət başçısı bununla iki dövlət arasında əlaqələrin daha üst səviyyəyə qalxacağına işarə etmiş oldu. Bu açıqlamadan sonra ŞKTC Cumhurbaşqanının Bakıya gəlişi bu siyasətin tərkib hissəsidir”, - deyə o fikrini yekunlaşdırıb.

Ayşən