-
- 13-10-2023, 18:18
- 482
"Pensiya yaşı müzakirə oluna bilər" — Millət vəkili
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda pensiya yaşı məsələsinə toxunub.
News24.az xəbər verir ki, nazirin sözlərinə görə, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir. Bu, dünyada olan ən yüksək rəqəmlərdəndir:
“Bəzi şəxslər mövzunu başqa yerə aparırlar. Deyirlər, pensiya yaşı 50-55 yaşa endirilməlidir. Bunu deyən şəxslər fərqində deyillər ki, araşdırma aparmadan dedikləri bu fikirlər Azərbaycanın gələcəyi üçün nələr vəd edir”, S.Babayev vurğulayıb.
Nazirin açıqlamasına münasibət bildirən deputat Vahid Əhmədov Demokrat.az-a bildirib ki, pensiya yaşının azaldılması müzakirə olunan aktual məsələlərdəndir:
“Pensiya yaşının 60-63 yaş olması daha məntiqlidir. Dünyada yayılan xəstəliklər, koronavirus pandemiyası imkan vermir ki, insanlar pensiya yaşına çatsınlar. Bu məsələ gündəmdədir və yeni yaş həddinin müəyyən olunması müzakirə oluna bilər. Bəzi ölkələrdə rəqəmlər bizdəkindən daha aşağı və ya yuxarıdır.
Pensiya yaşı dediyim rəqəmlərə endirilsə, bunun ölkə iqtisadiyyatına ciddi təsir edəcəyini düşünmürəm. Müəyyən qədər əlavə vəsait xərclənə bilər. Əvvəlki dövrdə bəzi şəxslərə verilən pensiyalar qeyri-qanuni idi. Buna görə 200 minə yaxın insanın pensiyası ləğv edildi. 50-55 yaş aralığını isə məqbul hesab etmirəm, çox aşağıdır”.