Qusarda 3 nəfər göbələkdən zəhərləndi, 2-si öldü
    • 14-10-2023, 15:48
    • 226

Qusarda 3 nəfər göbələkdən zəhərləndi, 2-si öldü

Qusarda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

AQTA-dan News24.az-a verilən məlumata görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.


***

Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.