-
- 18-10-2023, 11:16
- 623
"Peyğəmbər göstəriş verdi ki, ağ saqqallı və ağ saçlı insanlar xına qoysunlar" - İlahiyyatçı
Son dönəmlər kişilər arasında saqqala və saça xına çəkilməsi adi hal alıb. Hətta bu gün də bəzi müsəlmanlar, xüsusilə, böyük din alimləri saqqallarına, əl və ayaqlarına xına yaxırlar. Lakin çoxları bunun qadına xas olduğunu deyərək qarşı çıxır. Kişilərin xına çəkməsini normal qarşılayanlar da az deyil. İslami mənbələrdə xınanın faydalarından da söz açılaraq bildirilir ki, xına ağrıları götürür, müxtəlif xəstəliklərə dərmandır. Qeyd olunur ki, Məhəmməd Peyğəmbər saça düşən dənləri gizlətmək üçün ən yaxşı üsulun xına və ya kətəmlə boyamaq olduğunu buyurub...
News24.az xəbər verir ki, müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan deyib ki, İslam dinində kişilərin saqqalına xına qoymasına mənfi yanaşılmır.
“Məsələn, dinin yayılması və inkarçıların hücumlarının dəf edilməsi üçün Peyğəmbərin apardığı ilk savaşlarda müsəlmanların sayı çox az idi. Əksəriyyəti də ağ saqqallı, yaşlı insanlar idi. Müşriklər Peyğəmbər ordusuna rişğənd edirdilər ki, qocalardan başqa sizə iman gətirən yoxdur. Həm də az və yaşlı insanlardan ibarət qoşun zəif görünürdü. Beləliklə, Peyğəmbər göstəriş verdi ki, yaşlı, ağ saqqallı və ağ saçlı insanlar saç-saqqallarına rəng, xına qoysunlar və özlərini gənc kimi göstərsinlər. Belə də oldu”, - ilahiyyatçı deyib.
T.İrfan bildirib ki, ümumiyyətlə, sonralar da müsəlmanlar arasında saqqala rəng qoymaq dəb olub: “Təbii ki, o dövrdə indiki kimi müxtəlif rənglər, boyalar yox idi, yalnız xına idi. Ancaq indiki tələbləri nəzərə alaraq deyə bilərik ki, qara rəngdən istifadə etmək olar. Bəziləri saç-saqqaldan ağ tükləri qoparırlar. Peyğəmbər bunu yasaqlayaraq deyərdi ki, saqqalınızdan ağ tükləri yolmayın, o tüklərin hər birinin üzərində bir mələk qərar tutur və bu sizin müdrikliyinizin əlamətidir. Bir sözlə, saç və saqqala rəng qoymaq olar. Ancaq bu rəng insanın rişğənd obyektinə çevrilməsinə, onun əks cinsə bənzəməsinə imkan verməməlidir. Çünki bəzən müxtəlif şəxslər qırmızı, yaxud digər başqa rənglər qoyurlar ki, bu da kişiyə uyğun olmayan görkəm yaradır. Boya kişini gənc, məğrur göstərərsə, ona yaraşarsa, ondan istifadə etməyin heç bir problemi yoxdur”.