Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO
    • 19-10-2023, 14:34
    • 617

Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO

Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində gecə saatları olmasına baxmayaraq ərazidəki küçə lampaları işləmir.

Bu vəziyyət uzun müddətdir ki, hökm sürür. Nəticədə isə axşam saatlarında prospekt qaranlığa qərq olur. Gecə işıqlandırmanın olmaması hərəkət iştirakçılarına və ərazidə yaşayan sakinlərə ciddi problemlər yaradır.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, Xırdalan sakinləri də prospektin işıqlandırılmamasının bir sıra qəzalara səbəb olduğunu bildiriblər.

Yerli sakinlərin verdiyi məlumata əsasən, artıq 3-4 ildir ki, prospektdə oxşar vəziyyət hökm sürür. Bu isə sutkanın qaranlıq saatlarında sakinlərin evlərinə qayıtmasına ciddi maneələr yaradır.

Sakinlərin bildirdiyinə görə, məhz işıqlandırmanın olmaması səbəbindən prospektdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Bəs, problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Malik Məmmədovla əlaqə saxladıq.

Xırdalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Malik Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, artıq bu gün səhərdən problemin həlli istiqamətində iş aparılır:

“Hazırda Xırdalanın əsas küçələrində işıqlandırma işləri aparılır. Bütün Xırdalan şəhəri üzrə işıqlandırma işi ilin sonuna kimi yekunlaşacaq. Uzun illərdir ki, Xırdalanda bu problem var idi. Artıq işıqlandırma işinin aparılması ilə bağlı tender elan olunub”.

İcra hakimiyyətinin rəsmisi mövzu ilə bağlı yaxın zamanda ətraflı məlumatın veriləcəyini qeyd edib. Mövzunu diqqətdə saxlayacağıq.