-
- 21-10-2023, 10:44
- 493
“İyrənclik etməyənlərə baxmırlar” - Tanınmış rejissordan QINAQ ATƏŞİ
“Televiziyalarda nə qədər qapalı mövzulara yer ayrılırsa, nə qədər qıcıq doğuran verilişlər nümayiş olunursa, onlara mütləq baxılacaq”.
News24.az xəbər verir ki, bu fikirləri telekanallarda reytinq göstəricisinin acı reallığından danışan tanınmış rejissor Ramin Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
O, “qurşaqdan aşağı” zarafatların, bayağı, iyrənc veriliş, tamaşa və serialların daha çox izləndiyini təəssüf hissi ilə bildirib:
“Komediyada “qurşaqdan aşağı” zarafatlar qələmə alınan ən asan zarafatlardır. Dramatik tamaşalarda və verilişlərdə də nə qədər bərbad xəyanət mövzusu təqdim olunursa, yayımlanırsa, baxacaqlar. Bu, mütləq belədir. Reallıq bunu göstərir.
Kim deyirsə ki, biz elə verilişlərə, elə seriallara, tamaşalara baxmırıq, yalan danışır. Fakt odur ki, reallıq bunu göstərir. Bu acı reallıq isə təəssüf hissi doğurur. Nə qədər iyrənc, qadağan olunmuş mövzular olacaqsa, o qədər də reytinq yüksələcək. Çünki iyrənclik etməyənlərə baxmırlar”.
Rejissor sosial şəbəkələrdə də eyni mənzərənin yaşandığını bildirib:
“Fikir verəndə görürük ki, sosial şəbəkələrdə hamının qınadığı, hamının zəhləsi getdiyi, nifrət etdiyi, iyrəndiyi adamlar bu dəqiqə izləmədə “partladır”. Minlərlə baxış sayı yığırlar, izləmələri milyona çatıb. Amma tərbiyəli, maarifləndirici bir mövzu olanda, camaat qaçır. Bərbad bir durumdur”.