I sinfə şagird qəbulu davam edir
    • 27-03-2019, 12:52
    • 1 674

I sinfə şagird qəbulu davam edir

2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I
sinfinə şagird qəbulu davam edir.


News24.az xəbər verir ki, ümumi təhsil məktəblərinin I siniflərinə martın 13-dən başlamış qəbul prosesi  www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunurlar.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılılır.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir.  Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir.

2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçirilir.