Bələdiyyə iclası zamanı qarşıdurma YAŞANDI
    • 23-10-2023, 16:17
    • 278

Bələdiyyə iclası zamanı qarşıdurma YAŞANDI

Marneuli Bələdiyyə Şurasının iclası zamanı "Vahid Milli Hərəkat" və "Gürcü arzusu"nun bələdiyyə deputatları arasında sözlü qarşıdurma yaşanıb.

News24.az xəbər verir ki, "VMH"nın Bələdiyyə deputatı Ramal Əhmədov şəhərin bir neçə küçəsində içməli suyun olmadığını və buna görə kimin məsuliyyət daşıdığı barədə bələdiyyə sədrinə sual ünvanlayıb.

Marneuli merinin müavini Roin Dekanoidze cavab olaraq bildirib ki, su şəbəkəsinin yenilənməsi və Marneuli sakinlərinin 24 saatlıq su ilə təchiz edilməsi istiqamətində işlər aparılır.

Daha sonra isə "Gürcü arzusu"nun bələdiyyə deputatı Omar İrişovun su təchizatı ilə bağlı hər hansı ciddi problem olmadığı barədə səsləndirdiyi fikirlər "VMH" deputatlarının etirazına səbəb olub.

Bələdiyyə Məclisinin müxalif üzvləri həmçinin kanalizasiya və yol problemini də dilə gətiriblər. Bələdiyyə Sədri Amiran Qiorqadze isə işlərin tamamlanması üçün müvafiq komissiya tərəfindən yekun ekspertiza hesabatının hazırlanaraq şirkətə təqdim edilməsini gözlədiklərini və bundan sonra fəaliyyətə başlanılacağını bildirib.

Müxalif deputatlar problemin illərdir mövcud olduğunu, əhalinin su və kanalizasiya sistemi ilə bağlı yaranan problemlərdən yorulduğunu qeyd ediblər.

Məlumat üçün bildirək ki, bələdiyyə məclisinin iclasında ümumilikdə 9 məsələ müzakirəyə çıxarılıb.

Aynurə