Bu bank kartını işlədənlərə xəbərdarlıq: içindəki pulları çıxarmaq olmayacaq
    • 23-10-2023, 21:17
    • 4 116

Bu bank kartını işlədənlərə xəbərdarlıq: içindəki pulları çıxarmaq olmayacaq

“Muğanbank”ın fəaliyyəti dayandırılandan sonra müştərilər bir sıra məsələlərdə çaşqınlıq yaşamaqdadırlar. Bu məsələlərdən biri də lisenziyası ləğv edilmiş banka məxsus plastik kartlarda olan pul vəsaitlərinin aqibətidir. Maraqlıdır ki, bağlanmış bankın plastik kartlarının içərisindəki pulların aqibəti necə olacaq? Müştəri digər bankın bankomatlarından kartındakı vəsaiti çıxara bilərmi?

News24.az Sfera.az-a istinadən bildirir ki, bununla bağlı iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında prosedur qaydalarını açıqlayıb.

O ilk olaraq xatırladıb ki, hazırda sözügedən bankın bütün əməliyyatları dayandırılıb və banka məxsus “application” işləmir. 

Ekspertin sözlərinə görə, müştərinin “Muğanbank” kartındakı vəsaiti digər bankların bankomatları vasitəsilə əldə etməsi real görünmür: “Çünki ləğv olunan bankın kart hesabları da dondurulub. “Muğanbank”ın lisenziyası ləğv olunsa da, hələlik müflis olması barədə rəsmi açıqlama yayılmayıb. Ancaq bütün hallarda banka məxsus əməliyyatlardan istifadə olunmasına məhdudiyyət qoyulub”.

Əmanətlərin aqibətinə də toxunan iqtisadçı deyib ki, bank müştərisi olmuş şəxs Əmanətlərin Sığortlanması Fonduna müraciət etməlidir. O bildirib ki, Fond şəxsin sənədlərini qəbul etdikdən sonra əmanətlərin dirilməsi istiqamətində müvafiq addımlar atır:

“2021-ci il aprelin 5-dən qüvvəyə minmiş qaydalara görə, bir yerli bankda 100 min manata qədər əmanət sığortalı hesab edilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatdan yuxarı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir. Müştərinin cari hesabında qalan məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmır. Ləğvetmə zamanı mövcud olan ardıcıllığa əsasən, müştərinin kart hesabında qalan məbləğ təminatsız öhdəlik kimi sonuncu bölmələrə düşür və geri qaytarılmama ehtimalı var”.

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Bankın (AMB) qərarı ilə "Muğanbank"ın lisenziyası ləğv edilib.