-
- 24-10-2023, 17:54
- 400
Azərbaycanlı alimlərdən XOŞ XƏBƏR
Azərbaycanın iki alimi növbəti dəfə ABŞ-ın Stenford Universitetinin hazırladığı dünyanın süni intellekt üzrə ən nüfuzlu elm adamlarının siyahısına düşüb.
News24.az “Report”a istinadən xəbər verir ki, bunlar, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir.
Adları çəkilən alimlər 2020-ci ildən bəri 4-cü dəfədir ki, bu siyahıda yer alır. Bununla da, ABŞ universiteti Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda son 20 il ərzində süni intellekt, təbii dilin emalı, kiber-fiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası, intellektual e-dövlətin formalaşdırılması, əşyaların interneti, bulud texnologiyaları və s. istiqamətlər üzrə aparılan tədqiqatları yüksək qiymətləndirib.
Stenford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq cədvəlini 2019-cu ildən başlayaraq hər il “Scopus” bazasının məlumatları əsasında hazırlayır. Bu siyahı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və s. kimi bir çox elmmetrik meyarları özündə birləşdirən kompozit göstərici əsasında hazırlanır. Bu kompozit göstəriciyə görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı hazırlanır, sonra bu siyahının ilk 2 %-nə daxil olan alimlər seçilirlər.
R.Əliquliyev və R.Alıquliyev dünyada süni intellekt üzrə tədqiqatlar aparan və məqalələri “Scopus” bazasında indeksləşən 356 955 alimin sırasından seçiliblər. Digər maraqlı fakt ondan ibarətdir ki, bu illərdə Stenford Universitetinin reytinq siyahısına süni intellekt üzrə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan alimlərinin adları daxil edilib.
Ölkəmizdən müxtəlif elm sahələri üzrə bu reytinq siyahısına 2020-ci ildə – 2, 2021-ci ildə – 8, 2022-ci ildə – 14, 2023-cü ildə – 13 alimin adı daxil edilib.