-
- 25-10-2023, 18:50
- 241
Baş Prokurorluqda mülki müdafiə məşqi keçirildi
Oktyabrın 25-də Baş Prokurorluğun Binəqədi rayonu ərazisində yerləşən inzibati binasında “Fövqəladə hadisələr zamanı işçilərin təxliyəsi” mövzusunda hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
News24.az xəbər verir ki, bu barədə Baş Prokororluqdan bildirilib. Mülki müdafiə məşqi “Baş Prokurorluğun 2023-cü il üçün mülki müdafiə üzrə tədbirlər planı”na müvafiq olaraq qurumun Təşkilat və icraya nəzarət idarəsi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Məşqin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi, obyektin rabitə və xəbərdarlıq sisteminin dayanıqlığının yoxlanılması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxeminə müvafiq olaraq hazırlıq dərəcələrinə gətirilməsi, fövqəladə hallara operativ reaksiya vermə və mülki müdafiə idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, eləcə də fövqəlаdə hallar zamanı şəxsi heyətə əməli vərdişlərin aşılanması olmuşdur.
Məşqə mülki müdafiə qərargahı, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, eləcə də Prokurorluğun digər əməkdaşları cəlb edilib.
Tədbir ilkin olaraq hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin xəbərdarlıq və toplanış siqnalı üzrə başlandı və dəstələrin şəxsi heyətinə inzibati binanın baş planı üzərində növbəti siqnalın verilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməklə işçilərin təxliyəsi, təxliyə zamanı yarana biləcək problemlər, ehtiyyat təxliyə çıxışları, işçilərin təxliyə edildikdən sonra ərazidə təyin edilmiş təhlükəsiz zonada cəmləşməsi üzrə müvafiq tapşırıqlar verilib.
Tədbirin davamı olaraq, inzibati binada şərti yanğın hadisəsinin baş verməsi barədə “Həyəcan siqnalı” verildi və siqnala əsasən təxminən 150 nəfər əməkdaş təhlükəsiz əraziyə təxliyə edilərək təhlükəli ərazidən uzaqlaşdırılıb.
Tədbirin praktiki hissəsi başa çatdıqdan sonra inzibati binanın akt zalında FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən mülki müdafiə işinin təşkili ilə bağlı təbii və texnogen xarakterli fövqəladə hadisələrin baş vermə səbəbləri, onların qarşısının alınması və davranış qaydaları üzrə ətraflı məlumat verilib.