Aİ-dən HAMAS və İsrailə ÇAĞIRIŞ - FASİLƏ EDİN
    • 27-10-2023, 00:30
    • 242

Aİ-dən HAMAS və İsrailə ÇAĞIRIŞ - FASİLƏ EDİN

Avroap İttifaqı (Aİ) liderləri HAMAS-la İsrail arasında döyüşlərdə fasilə verilməsinə çağırış edib.

News24.az xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirdiyi müzakirənin sonunda qəbul edilən yekun bəyanatda bildirilib.

Bildirilib ki, buna səbəb Qəzzaya yardımların sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasıdır.

Aİ Şurası HAMAS-ı İsrail ərazisində qəddar və ayrıseçkilik etmədən törətdiyi terror hücumlarına görə ən sərt şəkildə qınayıb.

Vurğulanıb ki, HAMAS-ın mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi xüsusilə vəhşilikdir:

"Avropa İttifaqı Şurası İsrailin beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində özünü müdafiə etmək hüququnu ciddi şəkildə vurğulayır. İttifaq HAMAS-a heç bir ilkin şərt olmadan bütün girovları dərhal azad etməklə bağlı çağırışını təkrar edir".

Aİ-yə üzv ölkələrin liderləri ortaq bəyanatda beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün mülki şəxslərin müdafiəsinin hər zaman təmin edilməsinin vacibliyini bir daha vurğulayıb və bütün mülki insan itkilərinə görə təəssüf hissi qeyd olunub.

Avropa İttifaqı mülki şəxslərin müdafiəsi, yardımın göstərilməsi və qida, su, tibbi xidmət, yanacaq və sığınacaq əldə etmək imkanlarını asanlaşdırmaq üçün regiondakı tərəfdaşlarla sıx əməkdaşlıq edəcək, belə yardımların terror təşkilatları tərəfindən sui-istifadə edilməməsini təmin edəcək.

"Aİ Şurası regional gərginliyin qarşısını almaq və bu istiqamətdə tərəfdaşlarla, o cümlədən Fələstin Muxtariyyəti ilə əlaqə saxlamağın zəruriliyini bir daha vurğulayır. Avropa İttifaqı iki dövlətin həlli əsasında siyasi prosesin canlandırılmasına töhfə verməyə hazırdır və diplomatik sülh və təhlükəsizlik təşəbbüslərini alqışlayır və tezliklə beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyir", - deyə qeyd olunub.