Sumqayıtda silahlı hücumla bağlı TƏFƏRRÜAT
    • 28-10-2023, 11:35
    • 251

Sumqayıtda silahlı hücumla bağlı TƏFƏRRÜAT

Sumqayıtda evə silahlı basqınla bağlı bəzi təfərrüatlar məlum olub. 

News24.az-məlumatına görə, hadisə nəticəsində qətlə yetirilən Dağbəyi Fərəcov təqaüdçü olub. Əslən Zəngilan rayonundan olan ailə 1992-ci ildə Sumqayıtda məskunlaşıb. 

Dağbəyi Fərəcovun bir oğlu, bir qızı olub. Oğlu 2015-ci ildə xaricə köçüb, qızı Suzana Fərəcova isə ailəsi ilə birlikdə Sumqayıtda yaşayıb.  

Hadisə nəticəsində ağır xəsarət alan Türkiyə vətəndaşı Serkan Karakaş isə ailənin kürəkəni, Suzana Karakaşın həyat yoldaşıdır. Serkan Karakaşla Suzannanın birgə nigahdan Cansu və Yağmur adlı iki qız övladı var. 

2000-ci ildə Bakıya gələn Serkan Karakaş uzun müddət Bakıda restoranlarda aşbaz işləyib. Bir neçə ildir ki paytaxtda restoranlardan birinin icarədarı kimi fəaliyyət göstərirmiş. 

Məlumata görə, Serkan Karakaşın hansısa şəxslə şəxsi münaqişəsi olub və hadisə də məhz həmin səbəbdən törədilib. 

Xatırladaq ki, hadisə bu gün saat 05:30 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evində baş verib. Naməlum silahlı şəxs evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib, Suzananın həyat yoldaşı Serkan Karakaş və Dağbəyi Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova güllə yarası alıb.

Hadisə zamanı köməyə gələn qonşular Etibar Sarıyev və atası Mehman Sarıyev də müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanıb. 

Samir Əli