-
- 28-10-2023, 15:47
- 775
Sumqayıtdakı silahlı hücumla bağlı YENİ FAKTLAR
Sumqayıtda evə silahlı basqınla bağlı yeni faktlar ortaya çıxıb.
News24.az-ın məlumatına görə, hadisədən bir neçə dəqiqə əvvəl silahlı şəxs evin mətbəxinə alışdırıcı maddə tökərək od vurub. Evdə alovlanma başlayıb və yanğın hadisəsini ilk olaraq Suzana Karakaş görüb. Yanıq iyinə oyanan qadın mətbəxə keçərək yanğını görüb evdəkiləri köməyə çağırıb. Anasının səsinə oyanan azyaşlı qızı mətbəxə gələndə atəş səsi eşidib. Silahlı şəxs Suzana Karakaşa iki dəfə atəş açıb. Anasının baş və çiyin nayihəsindən güllə yarası alaraq yıxıldığını görən azyaşlı qız atası Serkan Karakaşı yuxudan oyadıb. Hadisə yerinə gələn Serkan pilləkəndə güllələnib.
Silahlı şəxs bundan sonra birinci mərtəbəyə düşərkən ev sahibi Dağbəyi Fərəcov və onun həyat yoldaşı Tərlan Fərəcova ilə rastlaşıb. İzi itirmək üçün cinayətkar şəxs ər-arvadı da güllələyib hadisə yerindən qaçmağa cəhd edərkən küçə qapısında iki qonşu ilə rastlaşıb. O həmin şəxslərə də atəş açıb hadisə yerindən qaça bilib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları evdə yanğının miqyasının genişlənməsinin qarşısını ala biliblər.
Xatırladaq ki, hadisə bu gün saat 05:30 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evində baş verib. Naməlum silahlı şəxs evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib, Suzananın həyat yoldaşı Serkan Karakaş və Dağbəyi Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova güllə yarası alıb.
Hadisə zamanı köməyə gələn qonşular Etibar Sarıyev və atası Mehman Sarıyev də müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli