-
- 1-11-2023, 16:47
- 238
Mərkəzi Bankın bu qərarı kredit faizlərini aşağı salacaq?
Mərkəzi Bank bu gün uçot dərəcəsinin 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddinin 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 10%-dən 9.5%-ə endirilməsi barədə qərar qəbul edib. 2020-ci ilin dekabr ayından bəri ilk dəfə Mərkəzi Bank uçot dərəcəsini azaldıb. Uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir.
News24.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, ötən il ilə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot stavkasını azaltmağa imkan verib: “Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı infilyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Eyni zamanda Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir.
Kredit faizlərinə təsirlərinə gəldikdə isə bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir. Doğrudur, bir rəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan da uçot dərəcəsinin azaldılması kredit dərəcələrinə daha çox psixoloji təsir edir.
Eyni zamanda, güman olunur ki, bu addım depozit faizlərinə təsir göstərəcək. Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlar ilə yanaşı, uçot dərəcəsinin azaldılmasının manatla yığımlara da təsir göstərəcəyi istisna deyil”.
Akqabay