Blinkenin 8 günlük səfərinin MƏQSƏDİ
    • 2-11-2023, 12:36
    • 208

Blinkenin 8 günlük səfərinin MƏQSƏDİ

ABŞ dövlət katibi Entoni Blinken noyabrın 2-10-da İsrail, İordaniya, Yaponiya, Koreya Respublikası və Hindistana səfər edəcək. 

News24.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Blinken Təl-Əvivdə ABŞ-nin İsrailin terrora qarşı özünümüdafiə hüququna dəstəyini bəyan etmək, həmçinin Vaşinqtonun Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək, girovları azad etmək və Qəzzaya humanitar yardımın nəqlini artırmaq səylərini müzakirə etmək niyyətindədir. 

İordaniyada ABŞ dövlət katibi Qəzza zolağında humanitar vəziyyəti, eləcə də Yaxın Şərqdə sülh yolu ilə nizamlanma perspektivlərini müzakirə etməyi planlaşdırır.

Blinken Tokioda “Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək, həmçinin Yaponiyanın baş naziri Fumio Kişida və ölkənin xarici işlər naziri Yoko Kamikava ilə ikitərəfli görüşlər keçirəcək.

Seulda ABŞ dövlət katibi Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol və xarici işlər naziri Park Çinlə görüşəcək.

Bundan sonra Blinken Yeni Dehliyə gedəcək və burada ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə birlikdə hindistanlı həmkarları ilə “2+2” formatında Hind-Sakit Okean regionundakı vəziyyəti müzakirə edəcək. 

Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda Blinken bundan əvvəl İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib. Bundan əlavə, oktyabrın 18-də ABŞ prezidenti Co Bayden bir günlük təcili səfərlə İsrailə səfər edib.

Akqabay