FHN-in regional mərkəzlərində 31 mart soyqırımı ilə bağlı tədbirlər keçirilib
    • 30-03-2019, 16:07
    • 1 511

FHN-in regional mərkəzlərində 31 mart soyqırımı ilə bağlı tədbirlər keçirilib

Martın 28-29-da Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Qarabağ, Cənub və Şimal-qərb regional mərkəzlərində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım tədbirləri keçirilib.

FHN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirlərdə regional mərkəzlərin kollektivi ilə yanaşı, Nazirliyin həmin regionlarda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları da iştirak edib.

Tədbirlər soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Bildirilib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.

Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulub. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir.

Qeyd edək ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ümummilli liderimiz - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanına əsasən hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.