Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda anım tədbirləri keçirilib
    • 26-02-2019, 19:27
    • 1 186

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda anım tədbirləri keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib.

News24.az-ın məlumatına görə, anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimlərdə çıxış edənlər vurğulayıblar ki,  200 ildən artıq bir müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti həyata keçirilir. Xocalı soyqırımı da bu qanlı siyasətin davamıdır.

Silsilə tədbirlərdə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ali Baş Komandan İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü tədbirlər də xüsusi qeyd olunub. Şəxsi heyət işğal altında olan torpaqlarımızı azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsi üçün Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bildirib.

Anım tədbirlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, eləcə də Gəncə Qarnizonu Zabitlər Evinin, rayon incəsənət nümayəndələrinin və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar  nümayiş etdirilib.

Şəxsi heyət tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub və faciənin şahidləri ilə görüşlər keçirilib.